Valyuta.com



   



Bakı, 31 mart, Xəzərİnfo. İqtisadiyyat. "Bankların əsas qazancı verdiyi kreditlər üzrə faiz dərəcəsi ilə cəlb etdiyi əmanətlər üzrə faiz dərəcəsi arasındakı fərqdən ibarətdir. Məsələn, bank əhalidən 12 faizlə 100 milyo manat cəlb edir və həmin pulu 25 faizlə kredit verir. Beləliklə, əmanətçilərə cəmi 12 milyon manat ödədiyi halda, verdiyi kreditlərdən 25 milyon gəlir götürür. Başqa sözlə, mənfəəti 13 milyon olur".

Bunu Xəzərİnfo-ya hüquqşünas-vəkil, IJS Hüquq Firmasının İdarəedici Partnyoru Əkrəm Həsənov bildirib ki, əslində bankların gəliri daha çox olur: "Çünki, əmanət və kredit üzrə faizlərin hesablanması qaydası tam fərqlidir. Belə ki, Mülki Məcəllənin 949.1-ci maddəsinə əsasən bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Əgər siz banka 31 mart tarixində əmanət qoymusunuzsa və 30 sentyabr tarixində onu geri götürürsünüzsə, 31 mart və 30 sentyabr tarixlərində faizlər hesablanmır, yəni həmin tarixlərdə də tərəfinizdən faizlər ödənilir".

Onun sözlərinə görə, kreditlər üzrə isə faizlər hər gün hesablanır: "Bu, heç bir qanunda yazılmayıb, amma qadağan da edilməyib, buna görə də Mərkəzi Bank öz 22 mart 2002-ci il tarixli məktubu ilə bu qaydanı müəyyən edib. Göründüyü kimi, faiz dərəcəsinin özündən gəlir götürməklə yanaşı bizim banklar kredit üzrə faizi əlavə olaraq 2 gündən də tuturlar. Bu qanunidir? Bəli, qanunidir. Çünki, göstərdiyim kimi, əmanət üzrə faizlərin hesablanması qaydasını Mülki Məcəllə müəyyən edib. Kredit üzrə faizlərin hesablanması qaydası isə qanunla müəyyən edilməyib".

Ekspert qeyd edib ki, həmin boşluğu dolduran Mərkəzi Bank kredit üzrə faizlərin hər gün hesablanması tələbini müəyyən edib: "Bəs bu ədalətli və məqsədəuyğundur? Əlbəttə, yox! Necə ola bilər ki, eyni tipli əməliyyat üçün tam fərqli qayda olsun, özü də sırf bankların xeyrinə?! Niyə Mərkəzi Bank kredit üzrə faizlərin hesablanması qaydasını əmanət üzrə faizlərin hesablanması qaydasına uyğunlaşdırmayıb? Xarici valyutada bağlanan kredit müqavilələrinin Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə və Mülki Məcəllənin 439.1-ci maddəsinə zidd olduğu üçün etibarsız hesab edilməsinə qarşı bankların “bu ədalətsizdir, məqsədəuyğun deyil və s”. - deməsi ən azı gülüncdür. Necə olur ki, qanunvericiliyin özlərinə sərf edən, lakin ədalətsiz və hətta məntiqsiz olan müddəalarını çəkinmədən tətbiq edirlər, amma qanunvericiliyin sadəcə məqsədəuyğun olmayan (lakin tam məntiqli olan!) müddəasına qarşı çıxış edirlər?!"

Fərhad BƏXTİYAR




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv