Valyuta.com



   



Bakı, 1 may, Xəzərİnfo. Hərbi. Dünən uzun müddət erməni quldurlarının yuva saldığı Çaykəndin azad olunduğu gündü.

Xəzərİnfo Qaziler.az-a istinadən Qarabağ müharibəsi veteranı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti, polkovnik-leytenant İlham İSMAYILIN mediaforum.az saytında yayılan yazısının Çaykəndin azad olunması hissəsini təqdim edir.

Qeyd: İham İSMAYIL 1957-ci ildə Tərtərdə doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bərdədə komsomol orqanlarında çalışıb. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunda təhsil alıb. Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. Polkovnik-leytenant, Qarabağ müharibəsi veteranıdır. DTK-nın (MTN) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, Şəmkir və Göyçay bölmələrinin rəisi, Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olub.

UNUDULMUŞ QƏLƏBƏ

...1990-cı ilin yayında artıq silah sarıdan korluq çəkmirdik. DTK-nın sədri general Vaqif Hüseynovun göstərişi ilə Gəncə şöbəsində xeyli silah-sursat toplanmışdı. Gəncə milisi də silahlanmışdı. OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi) sürətlə yaranır, əməliyyatlar keçirirdi. Ermənilər təşvişdə idi.

OMON yayda Çaykənddə yoxlama aparmağa nail oldu. 1990-cı ilin payızı daha çox parlament seçkisi ilə yadda qaldı.

Seçkidən sonra jurnalist Nadejda İsmayılova “Dalğa” verilişinin rus buraxılışı üçün Çaykənddən süjet hazırlamağa gəlmişdi. Gəncə Şəhər İcraiyyə Komitəsinin sədri Nizami Xəlilovun xahişi ilə Nadejda xanımla Kamo, Azad kəndlərində olduq. Çaykəndin sərhədinə gəldik. Şlaqbauma yaxın yerdə Çaykəndin kinomexaniki Dereni gördüm, çağırdıq, gəlmədi. Sonralar Dereni vertolyotla yola salanda mənə dedi ki, televiziyadakı verilişin səhərisi günü Tatul (Yerevandan Çaykəndə gələn Tatul Krpeyan adlı cavan bir dəstə başçısı) onu döyübmüş. Qızışıbmış ki, niyə Azərbaycan televiziyasına düşmüsən?

Çaykənd haqqında bütün məlumatları “Dalğa”da səsləndirdik. Bu verilişə görə cəza aldım. “Şanksiyalaşmış müsahibəyə” görə mənə xəbərdarlıq edildi. Əsas səbəb isə o idi ki, Çaykəndin Moskvadan himayə olunduğunu, burada baş verən hadisənin 1 saatdan sonra şəxsən Mixail Qorbaçova məruzə edildiyini açıqca söyləmişdim.

Çaykənddəki radiostansiya Marina adlı dul bir qadının evində yerləşdirilmişdi. Yüngül xasiyyətli bu qadının evi Tatul və onun dəstəsinin daimi məskəni idi. Yayda OMON-un yoxlaması zamanı radiostansiya onlardan alınmışdı. Bir yük maşını ləvazimatla dolmuşdu. Amma heç bir ay keçmədi ki, yeni, daha güclü stansiya quruldu. Biz Xanlardakı 3 saylı radiostansiyanın və DTK-nın “R” xidmətinin köməyi ilə artıq onların bütün danışıqlarına nəzarət edirdik.

Çaykənd Gəncəni, Xanları, Goranboyu tam gərginlikdə saxlayırdı. Kəndə yeni silahlar gətirilirdi (radiostansiya danışıqlarından bilirdik). Az qala hər həftə Bakıya analitik arayışlar göndərirdik.

1991-ci il aprelin 26-da DTK-nın sədri Vaqif Hüseynov Gəncəyə gəldi. Şöbənin əməkdaşları ilə əməliyyat müşavirəsi keçirildi. 2 günə Çaykənddə əməliyyat aparılacağını və kəndin köçürülməsinin prinsipcə həll olunduğunu söylədi. Xanlar rayonunun kuratoru kimi mənə xüsusi göstərişlər, tapşırıqlar verildi.

Respublika rəhbərliyi Çaykənd ətrafında nələrin baş verdiyi barədə gün ərzində bir neçə dəfə məlumatlandırılırdı. Ayın 28-də daxili işlər naziri, rəhmətlik Məhəmməd Əsədov, baş prokuror, rəhmətlik İsmət Qayıbov, Mərkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko və digər rəsmi şəxslər Gəncəyə gəldilər.

29-da Hacıkənd qəsəbəsindəki pioner düşərgəsinin qərargah kimi hazırlığını apardım. Həmin gün saat 3-də Hüseynov, Əsədov, Qayıbov, Polyaniçko, sovet ordusunun Gəncədə dislokasiya edilmiş qüvvələrinin komandiri polkovnik Maşkov və bir neçə yüksək rütbəli rus zabiti, Gəncə, Xanlar rayonlarının rəhbərləri - Səbuhi Abdinov, Tofiq Kazımov, daxili işlər nazirinin müavini Ramiz Məmmədov, Gəncə Şəhər Milis İdarəsinin rəisi polkovnik Eldar Həsənov, DTK-nın Gəncə Şəhər Şöbəsinin rəisi polkovnik Rəhman Mikayılov, DTK-nın şöbə rəisi Yasif Nəsirlinin və bu sətirlərin müəllifinin iştirakı ilə uzun çəkən müşavirə keçirildi.

Hazırladığım arayış əsasında Vaqif Hüseynov kənddə yaraqlıların harada silahlı postlar qurduğunu, neçə nəfərin hansı silahlarla təchiz edildiyini, kənddə yerli əhali ilə Yerevandan gələnlər arasında hansı narazılıqlar olduğunu məruzə etdi.

Məhəmməd Əsədov OMON-un Çaykəndə hansı istiqamətdən və neçə nəfər döyüşçü ilə girəcəyini, pasport yoxlaması aparılacağını iştirakçıların nəzərinə çatdırdı.

Ordu nümayəndələri səhər erkəndən kəndin üstündə mövqe tutub səsgücləndiricilərlə silahların təhvil verilməsinə, təslim olmağa çağırış edəcəklərini, silah işlətməyəcəklərini, məsələnin danışıqlarla, dinc yolla həll edilməsinin vacibliyini bildirdilər.

Müşavirədə kəndin köçürülməsi məsələsi qəti şəkildə qoyulmadı. O gecə Hüseynov da, Əsədov da, Polyaniçko da Hacıkənddə qaldılar. Mənə onları səhər saat 6-da oyatmaq tapşırıldı.

Hava soyuq olduğundan Hüseynov məndən isti buşlatımı istədi. Fürsətdən istifadə edib kəndin köçürülməsinin qəti şəkildə qoyulmamasının səbəbini soruşdum. General “Hər şey yaxşı olacaq” dedi.

Artıq DTK-nın xüsusi dəstəsi də gəlib çıxmışdı. Dəstəyə sonradan Daşaltı əməliyyatında itkin düşən Milli Qəhrəman Riyad Əhmədov başçılıq edirdi. Riyadla universitetdən tanış idim. Həyatsevər, şən, ucadan gülməyi sevən, ən əsası qorxmaz, cəsur zabit idi. Qeyd edim ki, əməliyyat keçirilən zaman Riyadın bir qız övladı da dünyaya gəlmişdi. Hacıkənd poçtundan zəng edib öyrənən kimi çox sevindi və çılğınlıqla havaya atəş açdı.

Aprelin 30-da, sübh tezdən 10-dan çox zirehli hərbi maşın Kamo və Azad kəndlərindən keçib Çaykənd qəbiristanlığı tərəfdə mövqe tutdu. Çaykəndin radiostansiyasını iflic etmişdik. Bütün efiri pelenqasiya edib xarici aləmlə əlaqələrini tamam kəsmişdik. Ermənilər dalğaları dəyişdirdikdə tezliklə müəyyən edir, dərhal 3 saylı radiostansiyanın köməyi ilə dalğaları vururduq. Hər dəfə bundan ötrü Hacıkənddən Xanlara gəlir, tezliklərin rəqəmlərini verirdim.

Polkovnik Maşkov BTR-lə kəndə girəcəyini deyib bələdçi istədi. Kəndi yaxşı tanıdığımdan bələdçilik etmək istədiyimi bildirdim. Rəisimiz Rəhman Mikayılov icazə vermədi, “Sən hər an burda lazımsan” dedi. Xanlarda avtovağzalda işləyən Aydın adlı gənc bələdçilik edəcəyini söylədi və BTR-ə mindi...

Səsgücləndiricilərlə kənd əhalisinə müraciət, silahların təhvil verilməsinə çağırış aramsız səslənirdi. Əks tərəf heç bir addım atmadı. Belə olan halda Əsədov OMON-a Toğana istiqamətindən kəndə girmək göstərişi verdi.

Polkovnik Maşkov BTR-lə kəndə getdi. Yarım saat sonra Tatul Krpeyanın dəstəsi BTR-i əsgərlərlə birlikdə əsir aldı. Saat 14-də əməliyyat dayandırıldı.

Yenidən həmin heyətlə təcili müşavirə çağırıldı. Rus əsgərlərinin əsir düşməsi işləri korlamışdı. OMON kəndin Toğana hissəsində bir neçə erməni yaraqlını məhv etmişdi. Hərbçilər narazılıq etdilər. Zabitlər OMON-un aşırı güc tətbiq etdiyini, lazım olmadan atəş açdıqlarını, dinc sakinlərə zərər vurduqlarını deyirdilər.

Mərkəzi Komitənin birinci katibi Ayaz Mütəllibov zəng vurub məsələni tez bitirməyi, Moskvadan narazılıq başlandığını demişdi. Polyaniçko sanki bu durumdan razı idi: “Yaraqlılardan silahları alıb kənddə normal həyata başlanmalıdır” kimi real olmayan mülahizələri təkrar-təkrar söyləyirdi. Polyaniçkoya qarşı açıq irad bildirən olmayanda son sözü Vaqif Hüseynov dedi. O, tutarlı dəlillər gətirib kəndin deportasiya edilməsinin yeganə çıxış yolu olduğunu qəti şəkildə qoydu.

DTK sədri indiyədək azərbaycanlıların bir çaykəndlini də öldürmədiyini, onların isə 10-dan çox azərbaycanlını qətlə yetirdiklərini, qonşu kəndlərin gəliş-gedişinə mane olduqlarını, hər gün vertolyotla kəndə silah gətirildiyini faktlarla danışdı. Polyaniçkoya sual etdi: “Viktor Petroviç, bu gün rus əsgərlərini, zabitini əsir götürənlərin azərbaycanlılara qarşı hərəkətini təsəvvür edirsinizmi? Siz zəmanət verirsinizmi ki, bu kənddə bir daha atəş açılmayacaq və onun hədəfi azərbaycanlı olmayacaq? Siz burda, Qarabağdan kənarda “sülh adası” yaradacaqsınız? Bu gün yaradıb sabah ona zamin dura biləcəksinizmi?”

Üzünü mənə tutub “Vremya”nın müxbiri Mais Məmmədovu otağa çağır” dedi.

Mais Məmmədovu müşavirə otağına dəvət etdim. Vaqif Hüseynov “Mais, axşama xəbər hazırla. Rus analarına müraciət et. Erməni yaraqlıların onların övladlarını əsir aldığını bildir. Qoy analar ölkə rəhbərliyinə müraciət etsinlər”.

Sonra yenə davam etdi: “Həm çaykəndlilər, həm azərbaycanlılar üçün ən yaxşı yol bu kəndin köçürülməsidir və proses elə bu gün başlayacaq”.

Hüseynovun çıxışı bitəndən sonra Polyaniçko bir qədər fikirləşdi və qarnının üstündə çarpazlamış əllərinin ikisini də stola çırpıb bir az təəssüf, bir az da qətiyyətlə dedi: “Da, yedinstvenniy vıxod - deportasiya”.

Vaqif Hüseynov üzünü Eldar Həsənova tutub “Sənin işçilərin və bizim uşaqlar əsirləri azad etmək üçün hazırlaşsınlar” dedi.  Rus zabitləri də ayağa qalxdı: “Biz yoldaşlarımızı azad edəcəyik”. Onlar tərpənənə qədər Gəncənin milisləri və bizim xüsusi dəstəmiz kəndin içərisinə irəlilədik. Tatul Krpeyan Maşkovun arxasında dayanmışdı. Atışma başlayan kimi Maşkov Tatulun önündən çəkildi, onun arxasına keçdi. İlk atəşlə Tatul və ona köməyə gələn döyüşçüləri yerə sərildilər. Əsgərlər azad olundu. 

Təəssüf ki, bələdçi Aydın əsirlərin arasında yox idi. Ermənilər onu tanıyıb işgəncə ilə öldürmüşdülər. 

OMON kəndin aşağısından, biz yuxarıdan erməniləri tam sıxışdırmışdıq. Diqqət etdim ki, Martunaşen istiqamətində ermənilər geri çəkilir. Martunaşendən keçib, Sarısu kəndinin üstündən Şaumyan rayonu ərazisinə - Buzluq kəndinə girə bilərdilər.

Hacıkəndə dönüb vəziyyəti rəhbərliyə dedim. Əmin olmaq üçün Martunaşenin üstündəki Quşçu kəndində yerləşən şəmkirli milis işçilərini xəbərdar etmək lazım idi. Quşçuya arxa yoldan getmək çox vaxt aparacaqdı. Hacıkənddə həmin vaxt milis vertolyotu vardı. Şəmkirin milis rəisi Vaqif Quliyevlə vertolyota əyləşib Quşçuya uçduq. Martunaşenin üzərindən keçəndə hər an vurula bilərdik. Çox hündürdən uçmağa məcbur idik.

Quşçuya gəlib yolların kəsilməsini tapşırdıq və geriyə uçduq. Vaqif Hüseynov rəisimizi çağırıb, DTK-nın xüsusi dəstəsini götürüb arxa yolla Quşçuya getməyi və sabah erkəndən Martunaşen istiqamətində hücuma keçməyi tapşırdı.

Hava qaralırdı. Quşçuya çatanda artıq gecə saat 10 idi. Kəndin klubunda və yerli adamların evində az da olsa dincimizi aldıq.

Tezdən milislər və bizim dəstə qatı dumanda Martunaşen istiqamətində hərəkətə keçdik. Dumandan göz-gözü görmürdü. Qəflətən duman çəkiləndə qarşımızda erməni evləri və yaraqlılarını gördük. Bizim üstünlüyümüz aşkar idi. Ermənilər - həm kənd sakinləri, həm yaraqlılar - Çaykəndə doğru qaçırdı. Martunaşenlə Çaykəndin sərhədinə çatdıq. Qarabulaq (Martunaşen) əlimizdə idi.

Kənddə postları qurub geri dönməliydik. Həmin gecəni də Quşçuda keçirdik ki, erkəndən geriyə - Hacıkəndə dönək.

Gecə ocaq başında söhbət edirdik, bu vaxt Todan istiqamətindən 2 BTR gəldi. Bizə çatanda içindən başını çıxaran rus zabiti Çaykəndə getdiklərini və polkovnik Maşkovla görüşəcəklərini dedi, yolu göstərdik. İki saatdan sonra zirehli maşınlar geri döndü. Heç bir şübhəmiz olmadı. Amma...

İki gündən sonra öyrəndik ki, Tatulun və Yerevandan gələn digər ermənilərin meyitlərini və kəndin başçılarını - sovxoz direktoru, sovet sədri, onun atası, rabitəçi Mariyanı və daha 6 nəfəri BTR-lərlə Ağcakəndə, oradan Xankəndinə, sonra da Yerevana aparıblar.

*******

Mayın 2-si ertədən Hacıkəndə döndük. Çaykənd, demək olar, sakitləşmişdi. Günortaya yaxın kəndin girişində ağ bayraqlı çaykəndlilər göründü. Kəndin yaşlı adamları rəhbərliklə elə kəndin girəcəyində görüşüb atəşin dayandırılmasını və köçürülmələrini xahiş etdilər. 2 ildən çox ətrafa gərginlik verən, insanları qətlə yetirən, bizi Göygölə, başqa səfalı yerlərə həsrət qoyan bir kənd ağ bayraq qaldırmışdı.

Kəndi köçürmə əməliyyatı dərhal başlandı. Vertolyotlar əvvəlcədən hazırlanmışdı. Köçlərini Ermənistana aparmaq istəyənlər üçün yenə Rustavi avtobazasının yük maşınları köməyə gəlmişdi. Əsas yük vertolyotlara düşmüşdü. Vertolyotlar çaykəndliləri Xocalı aeroportuna aparmalı idi.

DTK-nın sədri Vaqif Hüseynov məni çağırıb bütün vertolyotların 20-22 nəfərlə yola salınmasını, hər kəsi qeydiyyata almağı tapşırdı. Qeydlərim hələ də durur. Dedi bunlar vertolyotlardan enən kimi aləmə yalandan car çəkəcəklər ki, bizi qırdılar, əks-təbliğat üçün hər şey hazır olmalıdır.

Mais Məmmədov çaykəndlilərdən “Vremya” üçün müsahibə götürürdü. Azərbaycan Televiziyası da fəaliyyətdə idi. Müsahibə verənlər bir nəfər kimi Yerevandan gələn erməniləri söyür, Tatulun qəddar olduğunu, onları qorxu altında saxladığını deyirdilər. Şəxsən tanıdığım ermənilər yalvarıb onları vertolyotlara tez mindirmələrini xahiş edirdilər. Deren isə hətta Kislovodska dəvət etdi. Çox miskin və qorxmuş halda idilər. Amma elə bu miskinlər vertolyotlardan Stepanakertə düşən kimi göz yaşları töküb əleyhimizə olmazın hədyanlar söylədilər. Moskva televiziyası vur-həşirlə reportajlar yayırdı.

İki gün ərzində vertolyotlar kəndin əhalisini, demək olar, tamam köçürdü. Bir xeyli adam, o cümlədən xəstəxananın baş həkimi Yerevan qeydiyyatında olduğu üçün Gəncə təcridxanasına aparıldı. Əksəriyyət Yerevandan gələnlərin kimliyi, əməlləri barədə ifadələr vermişdi. Sonralar bu adamların hamısı azad edildi.

Çaykənd döyüşlərində cəmi 19 nəfər erməni ölmüşdü. 12-si Yerevandan gələnlər, 7-si yerli sakinlərdən idi. Yerevandan gələnlərdən Tatul Krpeyana və Simon Açıqgözyana (ləqəbi “Ded”) Ermənistanın Milli Qəhrəmanı adı verilib. Erməni fədailəri siyahısındadırlar.

Təəssüf ki, düşməni məhv edənlərdən biri kimi mənim heç halal təqaüdüm verilmir.

Bu gün internet səhifələrində ermənilər Çaykənd hadisələrini öz prizmalarından yalan dolu informasiyalarla bəzəyiblər. Guya 200 tankla bir kəndin üstünə gedilib, guya yüzlərlə insan öldürülüb, onlara işgəncələr verilib. Bizim tərəfdən heç bir informasiya internetdə yer almayıb.

Çaykənd azad olundu. Bir həftədən sonra Ermənistandan gəlib Bakıya məskunlaşan qaçqınlar Çaykəndə köçürüldü. Çaykəndliləri yola salanda çox erməni evinin sənədini, açarını mənə vermək istəyirdi, hətta “Niva” maşınını da hədiyyə edən tapılmışdı. Bunlar hamının gözü qarşısında baş verirdi. Vaqif Hüseynovun və rəisimizin sözləri yadımdan çıxmır: “Sən burdan nəsə əldə etsən, bütün zəhmətin hədər gedəcək. Hamı deyəcək ki, İlham bir evdən və ya maşından ötrü vuruşub”. Çox haqlı idilər. Kimlərsə nəsə əldə etdi. Mən isə bütün Çaykəndi qazandım!

İyunun əvvəllərində prezident Ayaz Mütəllibov Gəncəyə gəldi. Şəhər partiya komitəsinin binasında gəncəlilərlə görüşdə dedi: “Mən çoxdan Gəncəyə gəlmək istəyirdim, amma əliboş gəlmək istəmirdim. Qarşıma məqsəd qoymuşdum ki, Çaykəndi azad edim, sonra gəncəlilərlə görüşə gəlim. Məncə, Çaykəndin azad edilməsi gəncəlilərə ən yaxşı hədiyyədir”.

Prezidentin bu sözləri təsadüfi deyildi. O dövrdə bəzi müxalif qüvvələr Çaykəndin azad edilməsini Moskvanın Ayaz Mütəllibov hakimiyyətini möhkəmləndirməsi kimi təqdim edirdi. Mənim üçün, Azərbaycan xalqı üçün fərqi yox idi kimin hakimiyyəti möhkəmlənir. Əsas o idi ki, torpaqlarımız azad olunurdu.

Bu gün də o fikirdəyəm ki, kimin hakimiyyəti möhkəmlənir, möhkəmlənsin - təki Qarabağ azad olsun! Hakimiyyətlər gəldi-gedər, Vətən torpağı əbədidir! Kim hakimiyyətdə olur olsun - Qarabağ bizim olsun.

Kürəkçayın şırıltıyla ortasından axdığı Çaykənd bu gün əsasən Ermənistandan qaçqın düşmüş soydaşlarımızın və kəlbəcərlilərin məskunlaşdığı yaşayış məskənidir.

Çaykənd azad olundu, amma qarşıda Gəncə və Goranboyu təhdid edən daha 3 kənd vardı - Buzluq, Manaşid, Erkeç. Tezliklə bu kəndlərin azad edilməsi başlanacaqdı.

Bu qələbəni unutmayaq…

İlham İSMAYIL




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv