Valyuta.com



   



Bakı, 3 avqust, XəzərİnfoTV, Maqazin. Son dövrlərdə musiqinin estrada janrında özünü təqdiq edən gənclərin sayı artmaqdadır. Bunlardan biri də gənc olmasına baxmayaraq, sənəti və səsi ilə artıq tanınmağa başlayan müğənni Murad Mehrəliyevdir.

Murad Mehrəliyev XəzərİnfoTV”nin əməkdaşı ilə söhbətində musiqiyə gəlişi, təhsili, bu sənətə gəlməsində ona yaxından dəstək olan insanlar barəsində ağızdolusu danışdı. Murad həm də şou-biznes sahəsində baş verən hadisələrlə bağlı obyektiv fikirlərini də diqqətimizə çatdırdı:

- Ağdamda musiqiçi ailəsində doğulmuşam. Sənətə gəlməyimdə ailəmin musiqiçi olmasının böyük təsiri olub. Babam Məşədi Nəriman Ağdamın tanınmış musiqiçilərindən biri olub. Əmim Aydın Mehrəliyev də musiqiçidir və tar ifaçısıdır. Atamın babası Bahadur Mehralıoğlu isə Xan Şuşinski ilə birlikdə oxumuş bir xanəndə olub. Əslində, musiqiçilik insanın qanında olmalıdır. Bu, həm də Allah tərəfindən Qarabağ camaatına verilmiş bir vergidir.

Tanınmış türk müğənnisinin adına yazılmış mahnı...

- Musiqiyə gəlişin və ifa etdiyin mahnılar haqqında bizə məlumat verərdin...

- Mən 2006-cı ildən səhnədəyəm və Ağdam Musiqi Məktəbini qurtarmışam. 2009-cu ildə hərbi xidmətə getmişəm. Bir illik fasilədən sonra, yəni 2010-cu ildən professional səhnədə çıxış edirəm. Həmin ildən tanınmış bəstəkar Nailə Mirməmmədlinin tələbəsi oldum. Sonra da onun rəhbəri olduğu “Səmum” qrupuna dəvət olundum və 4 il bu qrupda müxtəlif mahnılar ifa etdim. 2014-cü ilin dekabr ayında isə Nailə xanımla halallaşıb qrupdan ayrıldım. Düşündüm ki, artıq solo karyerasına başlamağın vaxtıdır. Bir müddət sonra tanınmış xanəndə, Azərbaycanın xalq artisti Samir Cəfərovla birlikdə bu sənəti davam etdirməyə başladım. Biz həm də yaxın dostuq. Qurpdan ayrıldıqdan sonra, ilk dəfə “Qəlbimi əritdin” adlı mahnını ifa etmişəm. Bu mahnı Türkiyənin tanınmış müğənnilərindən birinin adına yazılmışdı, ancaq bəstəkar Aysel Nəcəfli ilə razılaşmadığı üçün mahnı ona verilmədi. Aytən xanım səsimin bu mahnıya uyğun olduğunu deyərək, ifa etməyi mənə həvalə etdi. Mən də Rasim Məmmədovla birlikdə mahnını yenidən orenjiman etdirərək oxumağa başladım. Yaxın vaxtarda bu mahnıya klip çəkdirmək istəyirik. Hətta Samir Cəfərovla birlikdə duet oxumaq barədə düşünürəm. Bundan sonra mərhum sənətkarımız Məmmədbağır Bağırzadənin repertuarına aid olan “Nazilə” mahnısını yeni orenjimanda ifa etdim. Hazırda yeni mahnı üzərində işlər gedir. Mahnı tam hazır olandan sonra media qarşısında təqdimatını keçirəcəm. Yaxın vaxtlarda isə Nailə Mirməmmədlinin yeni bəstələrindən bir neçəsini oxumaq fikrindəyəm. “Səmum” qrupundan ayrıldığım bu 7 ay müddətində iki mahnı ifa etmək, fikrimcə, uğurludur. Müğənnilər var ki, qruplardan 4-5 il əvvəl ayrılsalar da, bir mahnı üzərində belə işləməyiblər.

- Bəs musiqi sənəti sənin üçün nədir? Özünü bu sənətdə necə görürsən?

- Musiqi mənim üçün bir həyatdır. Bu sahədə məcburi işləmək mümkün deyil, uzaqbaşı bir il işləmək olar. Musiqi heç kimə asan gəlməsin. İndi hamı əlinə bir mikrafon alıb oxumaq istəyir, ancaq nail ola bilmir. Musiqi bir dəryadır və insan öyrəndikcə, daha da təkmilləşir. Bu sənət çətin olduğu üçün əziyyət çəkmək lazımdır. Musiqi ilə məşğul olan insan özünə güvənməli, sənəti ilə nəyə qadir olduğunu sübut etməlidir. İnsan özü özünə müğənni deyə bilməz və bunu ona xalq deməlidir.

Nailə Mirməmmədlinin tələbəsi olmaq çoxlarının arzusudur

- Tanınmış bəstəkar Nailə Mirməmmədlinin bədii rəhbəri olduğu “Səmum” qrupundakı fəaliyyətin barədə bizə bir az məlumat verərdin...

- Nailə xanıma ömrümün sonuna qədər minnətdar olacam, çünki bizi sənətə istiqamətləndirdi. Toyu onsuz da hamı bilir və müəyyən qədər idarə etməyi bacarır. Bizə isə sənət lazımdır. Biz qrup tərkibində əsasən dörd səsli və akopellalar oxuyurduq. Dördsəsli ifalara isə xüsusi diqqət göstərirdik. Nailə xanımın sayəsində bu sənətin bir çox sirlərinə sahib olduq və iki, üç, dördsəsli ifaları öyrəndik. Toylarda isə iki və üçsəsli ifalar gözəl effekt verir. Tanınmış müğənnilərin bir çoxu bu səsləri düzgün ifa edə bilmirlər. Nailə xanımın tələbələri isə bunu edirlər. Dünyagörmüş bir sənətkarın tələbəsi olmaq bir çox ifaçıların ən böyük arzusudur. Nailə Mirməmmədli bu sənətdə özünü təsdiq etmiş və sözünü demiş bir bəstəkardır.

Toylarda oxumasam, ac qalaram...

- Murad, sən də toylara getdiyin üçün bir sual vermək istəyirəm. Özünü toy müğənnisi,yoxsa peşəkar sənətçi kimi görürsən?

- Müğənninin əsas qazancı toylardan gəlir. Azərbaycan şou-biznesinin əsas gəlir mənbəyi elə toylardır. Türkiyə şou-biznesi kimi deyilik ki, gəlirimizi kosertlərdən əldə edək. Toya getməyim isə o demək deyil ki, mən toy müğənnisiyəm. Populyar müğənnilər də, toylardan əldə etdikləri qazancla yaşayırlar. Mən xalq mahnıları, estrada və digər əsas janrlarda oxuyuram. Estrada müğənnisi olduğum üçün, toylarda oxumasam, ac qala bilərəm.

Özümü daha çox peşəkar müğənni kimi görürəm

- Sözündən belə çıxır ki, toylarda oxusan da, özünü peşəkar müğənni kimi görürsən?!

- Əlbəttə! Nailə Mirməmmədli və Samir Cəfərov kimi sənətkarların tələbəsi olduğum üçün özümü daha çox peşəkar müğənni kimi görürəm. Bu sənətdə çətinliklər çox olsa da, heç zaman bezməmişəm və bundan sonra da geri çəkilmək fikrində deyiləm.

- Bilirsən ki, son dövrlərdə şou-biznes sahəsində qalmaqallar, qarşıdurmalar artıq pik həddə çatıb. Hamı bir-birini söyür, təhqir edir, məhkəməyə verir və s. Bir də müğənni tanındıqca, tez-tez qarşıdurmalara qarışmalı olur..

- İndiki gənc müğənnilərin çoxu üzdə olan sənətçilərə söz atırlar ki, tez-tez gündəmə gəlsinlər. Amma ağıllı insan heç zaman lazımsız insanın sözlərinə cavab verməz. Qalmaqal bu sənətə aid deyil. Bunun əvəzinə özlərini sənətləri ilə göstərsələr, daha yaxşı olar. Yaxşı tamaşaçı və dinləyici qalmaqallı müğənnini heç zaman alqışlamır, əksinə həmişə gülür və lağ edir. Mən isə qalmaqallardan uzaq ifaçıyam və bununla gündəmdə qalmağı düşünməmişəm. Belə yollarla sənətə gələnlər tez də yaddaşlardan silinirlər. Düşünürəm ki qalmaqal yaratmaq ancaq səsi və sənəti olmayan müğənnilərə aiddir. Çünki, onlar bununla gündəmdə qalmaq istəyirlər. Buna görə də düşünürəm ki, sənətimlə məşğul olsam, daha yaxşı olar.

Qalmaqal yaratmaq daha çox qadınlara yaraşır

- Son vaxtlarda qadın sənətçilərə nisbətən kişilər qalmaqala daha çox qarışmağa başlayıblar. Səncə, kişilərin bu yollara əl atmaları nə ilə əlaqədardır?

- Çünki, onların səsi və sənəti yoxdur və boş-bekar  olduqları üçün belə işlərlə gündəmdə qalmaq istəyirlər. Mən isə üzümü onlara tutub deyirəm ki, bu yoldan uzaq dursunlar, çünki qalmaqal qadınlara daha çox yaraşır. Sənəti olan ifaçılar isə heç zaman kiminsə haqqında pis fikirlər səsləndirmirlər və qarşıdurmalara qarışmırlar. Məsələn, Faiq Ağayev, Flora Kərimova, İlhamə Quliyeva, Brilliant Dadaşova və digərləri ancaq sənətləri ilə məşğul olurlar. Buna görə də xalq onları sevir və dəstəkləyir. Biz sənəti belə insanlardan öyrənmişik.

İlhamə xanımla Nazpəri xanımın yaratdıqları qalmaqal daha təbiidir

- Murad, bəzən adını çəkdiyin müğənnilər də qalmaqallarla qarışırlar. Məsələn, bu yaxınlarda İlhamə Quliyeva ilə Nazpəri Dostaliyeva arasında ciddi qarşıdurma yarandı. Hətta qarşıdurmaları məhkəmə proseslərinə qədər çıxdı...

- Qalmaqallar təbii və süni olmaqla, iki yerə ayrılır. Gənc və orta yaşlı müğənnilərin yaratdıqları süni qalmaqallardır. Bu da tamaşaçılar tərəfindən rişxənd və gülüşlə qarşılanır. Təbii qarşıdurmalar isə tamaşaçılar tərəfindən maraqla qarşılanır və onlar bunun səbəbini axtarmağa başlayırlar. İlhamə xanımla Nazpəri xanım sözlərini demiş və bu sənətdə özlərini təsdiq etdikləri üçün yaratdıqları qalmaqallar da təbiidir.

Bədəninizi göstərməklə qeyrətinizi sənətinizə qurban verməyin

- Bir də son dövrlərdə bəzi qadın sənətçilər öz sənətləri ilə deyil, lüt və erotik fotosessiyalar etməklə bütün diqqəti özlərinə cəlb edirlər. Səncə, onları bu yola əl atmalarına nə vadar edir?

- Onlar sənətləri ilə uğur qazana bilmədikləri üçün lüt bədənlərini başqalarına göstərir və bununla gündəmdə qalmaq istəyirlər. Bəzi insanlar da onları gözəl əndamlarına görə qəbul edirlər. Onlara üzümü tutub deyirəm ki, gedin sənətinizlə məşğul olun, yeni mahnılar yaradın, bədəninizi göstərməklə qeyrətinizi sənətinizə qurban verməyin. Bədəninizlə deyil, səsinizlə gündəmdə qalın. Gənclərimiz sizlərdən hansı tərbiyəni götürəcəklər? Düzdür, sənət qurban tələb edir, ancaq bu o demək deyil ki, soyunmaqla özünü sənət qurban verəsən. Özünə ifaçı heç zaman düzgün olmayan yollara əl atmaz.

- Bəs ekran qarşısına çıxmaq sənin üçün rahatdırmı? Sənə buna görə problemlər yaradan varmı?

- Məlum məsələdir ki, efirə çıxmağın öz çətinlikləri var. Ad çəkmək istəmədiyim bir-iki telekanala təmənnasız çıxa bilirəm. Elə kanallar da var ki, efirə çıxmaq üçün pul istəyirlər. Onların da adlarını hələlik çəkmək istəmirəm, çünki gəncəm və elə ola bilər ki, sabah həmin telekanallar da məni dəvət edə bilərlər. Bu qurumlarda olan vəziyyəti bu gün hamı bilir.

Yaxın vaxtlarda böyük nailiyyətlərə imza ata biləcəyik

- Murad, musiqi sənətində inkişaf etmək üçün sənə dəstək olan, prodüsserlik edən varmı?

- Əlbəttə var. Hazırda “Print Hause” Reklam Agentliyinin rəhbəri Zaur Hüseynovla birgə işləyirik. Zaur həm də mənim ən yaxın qohumum və dostumdur. Bir çox işlərimi onunla məsləhətləşdikdən sonra həyata keçiririk. İkimiz də ümid edirik ki, yaxın vaxtlarda böyük nailiyyətlərə imza ata biləcəyik.

 - Murad, vaxt ayırıb, bizə müsahibə verdiyin üçün çox sağ ol.

Ömər VƏZİRLİ

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv