Valyuta.com



   



Bakı, 6 iyun, Xəzərİnfo, Təhsil. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı akademik Zərifə Əliyeva adına Liseydə təhsil alan yuxarı sinif şagirdləri ilə görüşüb.

Xəzərİnfo xəbər verir ki, rektor M.Babanlı orta məktəb və liseylərdə təhsil alan şagirdlərlə görüşlərin keçirilməsində məqsədin ADNSU-ya ən hazırlıqlı şagirdləri qəbul etmək istəyi olduğunu bildirib. Sonra Universitetin beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi Qənirə Quliyeva ADNSU haqqında təqdimat keçirib və universitetin dünyanın 25 ölkəsinin 75 ali məktəbi ilə əlaqələri olduğunu qeyd edib.

ADNSU-da AZİİ-START UP, AZİİ-İT Club layihələri, universitetin beynəlxalq mübadilə proqramları haqda məlumat verən Q.Quliyeva universitetdə tələbələrin sosial həyatının rəngarəng olması barədə də şagirdləri məlumatlandırıb.

Daha sonra Fransız-Azərbaycan Universitetinin (UFAZ) koordinatoru Şarlotta Payen növbəti tədris ilindən ADNSU-nun nəzdində fəaliyyətə başlayacaq UFAZ haqqında məlumat verib. Azərbaycanda ilk dəfə olaraq iki diplom verəcək ali təhsil müəssisəsinə qəbul qaydaları barədə danışan Ş.Payen respublikada mərkəzləşdirilmiş qəbul imtahanları zamanı I ixtisas qrupu üzrə 500 baldan yüksək bal toplayan abituriyentlərin buraya sənəd verməsinin mümkün olduğunu qeyd edib. Bunun üçün abituriyent orta məktəbdə təhsili hansı dildə almasından asılı olaraq Azərbaycan və ya rus dilində test suallarını cavablandırmalı və ingilis dilində qısa esse yazmalı olacaq. 500 bal toplayan, lakin UFAZ-a daxil ola bilməyən tələbələrin imtahan öncəsi seçim etdikləri ali məktəbdə təhsil alma hüququnu saxladıqlarını qeyd edən Ş.Payen UFAZ-da tədrisin ingilis dilində olacağını da diqqətə çatdırıb. O, bir daha UFAZ-a daxil olacaq tələbələrin ADNSU ilə yanaşı Sorbon və ya Renn1 universitetlərinin diplomunu alacaqlarını vurğulayıb.

Daha sonra rektor M.Babanlı çıxış edib və bildirib ki, ADNSU tələbələrinin ali təhsilini dörd deyil, üç ilə tamamlamaq imkanları mövcuddur. Onun sözlərinə görə, istənilən əlaçı tələbə müraciət edərək yuxarı kursa aid kreditlər götürüb hazırlaşaraq və imtahan verərək təhsilini daha tez müddətə başa vura bilər. Bununla yanaşı, rektor M.Babanlı tələbələrin təhsil aldıqları müddətdə iki ixtisas üzrə diplom alması imkanının da mövcud olduğunu vurğulayıb. Professor M.Babanlı ADNSU-da 14 ixtisas üzrə ingilis dilində tədrisin verildiyini qeyd edərək, burada məqsədin gənclərin dünyanın müxtəlif ölkələrində təhsilini davam etdirdikləri zaman hər hansı bir çətinliklə üzləşməməsi olduğunu söyləyib. O, ADNSU-da təhsilini ingilis dilində almış tələbələrdən dil bilikləri ilə bağlı İELTS və ya hansısa başqa bir imtahan verilməsinə ehtiyac qalmadığını vurğulayıb. 

Sonda rektor M.Babanlı akademik Zərifə Əlieyeva adına Liseyin şagirdlərini ADNSU-da təhsilin və tədrisin vəziyyəti ilə tanış olmaq üçün universitetə dəvət edib, onlara ali məktəblərə qarşıdan gələn imtahanlarda uğurlar arzulayıb.

Tahirə QAFARLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    24.05.2019
  • 23.05.2019
  • 22.05.2019
  • 21.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv