Valyuta.com



   



                       SUSMUR İÇİMDƏKİ  “SƏN”

    Ürəyində cəza kəs,

Kipriyindən as məni.

Susmur  içimdəki “Sən”,

Öldürür bu səs məni.

               

Az bu eşqi  kəkələ,

Qəlbində  bür –bükələ.

Arzu –arzu tikələ,

Ümid – ümid  kəs məni.

 

Sərvətimdi  viranım,

Bu bəxtəmi yaranım.

Vəfadan  dəm vuranım,

Kim atıbdı bəs məni?

              

Xəta ömür, şər ömür,

Qartalıbdı tər ömür.

Day demə ki, bir ömür,

Sevəcəydin bəs məni.

______

İMANSIZ OLDUM, BAĞIŞLA!

İmansa,  dinsə  bu sevgi,

Imansız  oldum, bağışla!

Qırdım, tökdüm ümidləri,

Amansız oldum, bağışla!

                

Günahkarsan günahıma,

Yan ürəyim, yan ahıma!

Bu günümdən, sabahıma,

Gümansız oldum, bağışla!

               

Oldu xoş  günün ömründə,

Çoxaldın  kimin ömründə?

Bəlkə də sənin ömründə,

Zamansız  oldum, bağışla!

                                       _________________

 

                                    SƏNİ ÜRƏYİMDƏ SAĞ GƏZDİRİRƏM.

Çoxdan  ayaq üstə ölüb getmişəm,

Səni ürəyimdə  sağ gəzdirirəm.

Qurtara bilmirəm  xatirələrdən,

Canımda  çözülməz bağ gəzdirirəm.

                      

Çəkir xəyalımı  hara fikirlər,

Salır  hisslərimi tora fikirlər.

Bürüyüb beynimi qara fikirlər,

Qara saçlarımı ağ gəzdirirəm.

                     

Dünyanın işığı gözüm boydadı,

Yıxılanda torpaq dizim boydadı.

Həsrətin böyüyüb, özüm boydadı,

Elə özüm boyda dağ gəzdirirəm.

__________

DÜNYA

Niyə silkələnirsən,

Haran ağrıyır, dünya?

Bölmüşük ölkələrə,

Yaran ağrıyır, dünya?

                

Kim səndən  çıxdı, qaçdı,

Ölümünə əl açdı.

Harda bir körpə acdı

Oran ağrıyır, dünya.

               

Qazdılar  dərin – dərin,

Qan doludu səngərin.

Qalmadı  bütöv yerin,

Paran  ağrıyır, dünya.

__________

         HƏLƏ ARZULARIN ÇİÇƏK VAXTIDI

Ümid ilə gözlərinə  boylanan,

Bir gün  gözlərimin  yaşına dönmə.

Hələ arzuların  bahar fəslidi,

Bahar, ürəyimin qışına dönmə.

        

Nədir sənə doğru çəkib, aparan,

Nədir  bədənimi bürüyən bu hiss.

 

Hər dəfə  içimdə haray  qoparıb,

Ağlayıb, çırpınıb, kiriyən  bu hiss.

               

Tez  qaçıb, sığınır  ovuclarına,

Sığınır əllərim körpə uşaq tək.

Bəzən də  bir isti  sığalın üçün,

Nazlanır  tellərim  körpə  uşaq tək.

               

Ilahi, hər görüş nəyə işarə?

Yazılıb yazımız  qoşamı yoxsa.

Bəlkə tələsirik xəyal qurmağa,

Yoxsa  sevincimiz  boşamı, yoxsa.

_______

BASDIRIN O CIDIR  DÜZÜNƏ MƏNİ.

İllərdi  həsrətin  çəkdiyim  kimi,

Torpaq elə çəkir özünə məni.

Ruhum da , canım da qovuşsun  ora,

Basdırın o Cıdır düzünə məni.

                

Ağrıdım anamın  ağrılarında,

Başı kəsik  imiş doğrularında.

Sürtün  ot  bürümüş cığırlarında,

Nənəmin, babamın izinə məni.

               

Kim qaldı, əlimi tuta yurdumda,

Hay salsam, hayıma  çata  yurdumda.

Bir ocaq qalayın ata yurdumda,

Kül olum,  basdırın  közünə məni.

              

Dağların  qarını yayın üstümə,

Bir dəstə çiçəyin  qoyun üstümə.

Döndərin  bulağın  suyun  üstümə,

Söykəyin, buz kimi  üzünə məni.

Basdırın, o Cıdır  düzünə məni.

Şəhla VAHİD




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    24.05.2019
  • 23.05.2019
  • 22.05.2019
  • 21.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv