Valyuta.com



   



Mənsum İbrahimov: “Müsabiqələrdə qalib olmuş gənclərin hamısını potensial “Məcnun” və “Leyli” kimi görürəm”

Bakı, 9 oktyabr, Xəzərİnfo, Mədəniyyət. Bir neçə gün əvvəl Azərbaycan Milli Konservatoriyasında tanınmış xanəndə, Azərbaycanın xalq artisti, Prezident mükafatçısı, konservatoriyanın professoru Mənsum İbrahimovun qonağı olduq və muğam sənətinin dünəni və bugünü ilə bağlı söhbət etdik.

Qeyd edək ki, oktyabrın 1-də xalq artisti doğum gününü qeyd etdi. Biz onunla həmin gün görüşmək istəsək də, müəyyən səbəblərdən görüşümüz baş tutmadı. Ancaq bir neçə gün sonra onunla həmsöhbət ola bildik.

Mənsum müəllim Xəzərİnfo-nun əməkdaşı ilə söhbətində əsasən muğam sənətinin inkişafından, son illərdə gənclərdə bu sahəyə marağının artmasından danışdı.

- Mənsum müəllim, bir neçə gün əvvəl sizin doğum gününüz oldu. Bu günü necə qeyd etdiniz?

- Yubiley yaşları var ki, insan onları qeyd etmək istəyir. Məsələn, 25, 35, 45, 55 və s. Biz də sənət adamı olduğumuz üçün istər-istəməz respublika səviyyəsində qeyd edilir. Amma adi ad günlərimdən həmişə qaçıram. Çünki, adi təqvim yaşını qeyd etməyi istəmirəm. Artıq ölkədə tanındığım üçün bütün media orqanları və televiziyalar gündəmdə saxlayırlar. Ad günümə 2-3 gün qalmış bütün televiziyalarda bir necə canlı proqrama dəvət etdilər, haqqımda çəkilmiş sənədli filmləri nümayiş etdirdilər. İş o səviyyəyə çatdı ki, çoxları bu il yubileyim keçiriləcəyini zənn etdi.

Xalqıma sizin vasitənizlə təşəkkür edirəm, çünki həmişə öz sənətçisini, sənətkarını diqqətdə saxlayır. Dövlətimiz də sağ olsun ki, həmişə bizə diqqət və qayğı göstərir. Mənə bu günü də göstərdiyi üçün hər doğum günümdə Allahıma şükür və dualar edirəm. Bizə bu ömrü bəxş edən və yolu açan Allahdır. Bir sözlə həyatımdan razıyam.

- Bəs əldə etdiyiniz son sənət yenilikləri ilə bağlı nə deyə bilərsiniz?

- Sənət aləmi elədir ki, əvvəlcədən ay və il ərzində nə qədər iş görüləcəyi ilə bağlı plan qurulmur, yaxud öhdəlik götürülmür. Təbii ki, arzular, planlar və layihələr çoxdur. Hətta hazır bir layihəni həyat keçirmək ərəfəsində hər şey bir-birinə qarışır və layihə baş tutmur. Bunun da obyektiv və subyektiv səbəbləri olur. Ancaq bir də görürsən ki, anidən ortaya bir tədbir və ya layihə ortaya çıxır və hər şey gözəl olur. Hər halda, biz də üzərimizdə çalışırıq.

Qarşıda gözlənilən səfərimiz və konsertlərimiz var. Yaxın günlərdə Avropa ölkələrindən birinə səfərim olacaq və orda iki konsert verəcəm. Bilirsiniz ki, mən planlarım barədə əvvəlcədən danışmağı xoşlamıram. Ancaq nəticə olandan sonra danışıram. Üstəlik, hər gün konsevatoriyaya gəlib-gedirəm, tələbələrə dərs deyirəm.

- Bu il "Leyli və Məcnun" operasının 110 illiyi qeyd olundu. Bu dövr ərzində səhnədə çox Leyli və Məcnun obrazları və onları oynayan sənətçilər oldu. Siz də Məcnun obrazı ilə tanınırsınız. Sizin Məcnun obrazı ilə digər Məcnunlar arasında hansı fərqlər var?

- Yalnız tamaçaşılar bu fərqi görə və deyə bilərlər. Opera və Balet Teatrına getdiyim ilk gün böyük korifey sənətkarımız Şövkət Ələkbərova mənə dəstək olub. Belə ki, orada keçirilən müsabiqədə laureant olmuşam və Şövkət xanım mənə diplom verib. Onun məsləhəti ilə də məni işə götürüblər. İşə düzələn gündən Məcnun obrazını yüksək səviyyədə ifa edəcəyimi özümə söz vermişəm. Təbii ki, məndən əvvəl bu obrazı ifa edən böyük sənətkarlardan da bəhrələnmişəm. Onların hər birinə də mənim böyük hörmətim və sevgim var. Ancaq bununla belə öz “Məcnun”umu yaratmağa çalışmışam. 1993-cü ildən bu günə qədər Azərbaycan səhnəsinin “Məcnun”uyam. Neçə ildir ki, tamaşaçılar da məni bu adla qəbul ediblər. Mənim üçün xoşdur ki, dahi Üzeyir Hacıbəyovun operada yaratdığı bu obrazın ifaçısıyam. İndi də mən səhnədə oxuyanda, səhnədə dayanmağa yer olmur. Bu da məni çox sevindirir. 

Ancaq bu gün çalışıram ki, gənclər bu obrazı oynasınlar. Tələbələrimizdən bir neçəsini cəlb etmişik ki, əsas rollarda oynasınlar və ifa etsinlər. Özüm isə az oynayıram.

- Səhnədə daha çox hansı tərəf müqabilinizin ifası sizi cəlb edib? Ümumiyyətlə, gənc muğam ifaçıları arasında kimi daha çox bəyənirsiniz?

- Mənim 10 tərəf müqabilim, yəni 10 “Leyli” olub ki, onlardan biri də türk olub, 9 nəfər isə Azərbaycanın görkəmli sənətkarları Qəndab Quliyeva, Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Byramova, Gülyaz və Gülyanaq Məmmədovalar, Simarə İmanova, Gülüstan Əliyeva. Hər “Leyli”nin öz nəfəsi, yeri və tamaşaçısı var. Hamısı da sevilən sənətkarlardır və hər biri ilə tərəf müqabili olmaq mənim üçün çox xoşdur. Mən “Məcnun” obrazını 140 dəfə ifa etmişəm. Bu tamaşaların 80 faizini isə Nəzakət Teymurova ilə birlikdə oynamışam. Onunla Parisdə, YUNESKO-nun səhnəsində, İstanbulda və digər ölkələrdə və şəhərlərdə tərəf müqabili olmuşuq.

Nəyahət son tərəf müqabilim öz tələbəm – səhnəmizin yeni və gənc “Leyli”si Arzu Əliyeva olub. Çox yaxşı ifaçıdır.  Onunla “Leyli və Məcnun”u həm Ankarada, həm də Bakıda bir oynamışıq. Son vaxtlarda tamaşaların çoxunu öz yetirmələrimlə birlikdə oynayırıq. Təyyar Bayramov “İbn Salam”ı, Arzu Əliyeva “Leylin”i, Aytən Məhərrəmli də “Ana”nı ifa edirlər. “Məcnun” rolunun gənc ifaçısı Elnur Zeynalovu Opera və Balet Teatrına mən gətirmişəm. Bu rolu çox gözəl bir şəkildə ifa edir. Son muğam müsabiqəsinin qaliblərindən 17 nəfərini teatrın solistləri kimi cəlb etmişik. Teatrın rəhbərliyi bizim bütün təkliflərini qəbul edir. Ona sizin vasitənizlə təşəkkürümü çatdırıram. Adlarını çəkdiyim tələbələrimin hamısı teatrda baş rolları ifa edirəm. Onların bütün tamaşalarına gedirəm, onlara məsləhətlərimi verirəm və yaxından dəstəyimi göstərirəm.

Bilirsiniz ki, 2005-ci ildən bu günə qədər Heydər Əliyev Fondunun köməkliyi ilə keçirilən bütün müsabiqələrin münsiflər heyətində mən də iştirak etmişəm. Müsabiqələrdə yetişdirdiyimiz gənclərimizin hamısı bu gün Opera və Balet Teatrında fəaliyyət göstərirlər. Hətta bir neçəsini Azərbaycan Dövlət Televiziyasına cəlb etmişik. Artıq bir neçəsi fəxri adlar alıblar. Mən tənbəlləri çıxmaq şərtilə çalışqanların hamısına yaxından dəstək göstərirəm. Əslində hamısı çalışqandır, ancaq kimisi tənbəllik edir, kimisi də qoçaqdır və daim öz üzərində işləməyi bacarır.

Onu da qeyd edim ki, müsabiqələrdə qalib olmuş gənclərin hamısını potensial Məcnun və Leyli kimi görürəm. Bu gün Azərbaycan operasında Səbuhi İbayev, Elnur Zeynalov, İlkin Əhmədov kimi “Məcnun” rolunu çox gözəl ifa edən gənclərimiz var. Eyni zamanda, gözəl “Leyli”lərimiz var. Arzu Əliyeva, Nigar Şabanova, Rəvanə Qurbanovanı missal göstərə bilərəm. Ümumiyyətlə Azərbayca operasında həm gənclərə, həm sənətkarlara qarşı münasibət çox yüksəkdir. Bu da bizi çox sevindirir.

Rita MURAD




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv