Valyuta.com



   



Mikayıl Cabbarov: "Səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb"

 

Bakı, 10 oktyabr, Xəzərİnfo, İqtisadiyyat. Nazirlik tərəfindən vergiödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb.

Xəzərİnfo AzərTac-a istinadən xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

Nazir bildirib ki, ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb: "Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergiödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb".

Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlərin həyata keçirildiyini də diqqqətə çatdıran. M.Cabbarov, Vahid Risk Platformasının tətbiqi barədə də məlumat verib: "Bu sahədə rastlaşdığımız əsas problemlərdən biri üçüncü şəxslər üçün malları idxal edən vergiödəyiciləri ilə bağlı idi. Düzdür, bəzi məsələlərin həllini hələlik başa çatdıra bilməmişik. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi birgə kollegiya iclasında açıq qalan məsələlərin həlli yolları müzakirə edildi. Ümidvarıq ki, Dövlət Gömrük Komitəsi ilə birlikdə bu işləri cari ilin sonuna qədər yekunlaşdıra biləcəyik. Hesab edirik ki, həyata keçirilən tədbirlərin çox müsbət fiskal nəticələri olacaq".

Vergilər naziri tapşırığa uyğun olaraq, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirildiyini, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postlarının qurulduğunu deyib: "Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb. Nəticədə, araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla 3 dəfə artıb".

Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması barədə məlumat verən nazir, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payının cari ilin əvvəlindəki 19 faizdən 3 faizə endiyini diqqətə çatdırıb: "İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manatdan çoxdur. Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb. Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75 faiz artıb".

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv