Valyuta.com



   



Ruhulla Həsənzadə:  “Bəlkə ruhları da bir az sönüb, ölüb çoxusu”

 

Bakı, 10 oktyabr, Xəzərİnfo, Mədəniyyət. Ruhulla Həsənzadə 1993-cü ildə Bakıda rəssam ailəsində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinin məzunudur. Bu günə qədər  bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak edib. Rəngkarlıq sahəsində bir çox əsərin müəllifidir. Münhendə yerləşən Avropa Təbii Elmlər Akademiyasının üzvüdür. Hazırda həm də kitab illüstrasiyası ilə məşğuldur.

   

Müəllifin kitabları:  Qayıqda üç kişi (iti saymasaq), Kaştanka və digər hekayələr, Avonli qəsəbəsinin qızı Anni, Şahzadə Eduard adasının qızı Anni, Velosipeddə üç kişi, Məktəb şagirdlərinə töhfə, Külək-Yel kürəsinin şahzadəsi, Əngəlsiz arzular, Leyla Məmmədbəyova Şərqin ilk qadın təyyarəçisi, İlk son gün və s.

Ruhulla Həsənzadə Xəzərİnfo-nun əməkdaşı ilə söhbətində rənngkarlıqda mövcud olan problemlərdən və bu sahədə baş verən yenilikləedən danışıb.

- Sizi ən çox cəlb edən əsərləri hansılardır?

- Məni abstakt ekspressionist əsərlər daha çox cəlb edir. Klassik əsərlər axır vaxtlar məni cəlb etmir. Fərqli əsərlər isə istər rəng baxımından, istərsə də kompozisiya cəlb edir.

- Özünüzü fərqli hesab edirsiniz? Siz nə ilə fərqlənirsiz?

- Hamı fərqlidir. Hamı özünü fərqli hesab etməlidir. Nə ilə fərqlənirəm? Mənim qaşlarım qalındı, heç kəsdə bu cür deyil. Qızlar kipriklərimə paxıllıq edir. (Gülür)  Dodağımın üstündə xalım da var.

- Sizcə şansı olan qazanır, ya çox əmək sərf edən?

- Məncə ikisi də çox vacibdir. Çox əmək sərf edəndən sonra şans özü gələcək.

- Rəssam olmanız həyatda hansı planlarınızın, məqsədlərinizin üstündən xətt çəkib?

- Xeyr! Niyə olsun ki ? Bundan gözəl məqsəd, bundan gözəl iş? Özünü ifadə etməyin ən estetik, eqzotik formasıdır.

-Gənc rəssam kimi bu sənətlə məşğul olanların hansı problemləri, çatışmamazlıqları sizi daha çox narahat edir?

- Ümumiyətlə, dünya rəssamlarına və Azərbaycan rəssamlarına baxanda, bizim rəssamlar inkişaf etmək istəmirlər. Mən  dünya rəssamlarını daim izləyirəm. Bizim rəssamlar yerində sayırlar və Abşeron məktəbini tutub fərqliliklər etmirlər. Cavanlıqlarında necə işləyirdilərsə, indi də elə işləyirlər. Baxırsan ki, təzə bir şey öyrənəsən, öyrənə bilmirsən. Eyni üslubu, eyni qaydaları sənə yeritməyə çalışırlar. İşlərində də maraqlı heç nə yoxdu. Bəlkə ruhları da bir az sönüb, ölüb çoxusu. Təbii ki, hamıya aid deyil.

Bir vaxt Rasim Babayev, Mircavad Mircavadov və bir çox rəssamlar Abşeron məktəbini yaratdılar, realizmi qırdılar. Amma onlardan sonra gələn rəssamlarımız dəyişiklik, fərqlilik etmirlər. Məni ən çox narahat edən budur.

Gənc rəssamlar isə, nə deyim özüm də gəncəm. Bizim rəssamlarda səmimiyyət çatmır. İstəyirlər ki, işləri satılsın, işlərini bəyəndirməyə çalışırlar. Bu təhlükəli bir şeydir. İşləri bəyəndirməyə çalışmaq həmişə uğurlu olmur. Sən bilmədən də tamaşaçının zövqünə düşə bilərsən. Ona görə də ilk öncə insan gərək özünə bəyəndirə bilsin işlərini. İnsanlara fikir verməsin, kimi bəyənər, kimi bəyənməz. Yaxşıdırsa, bəyənəcəklər. Həm də təzə bir şey qəbul etmirik. Bir neçə nümunə rəssam götürmüşük və bütün cavanlar da onların izi ilə getməyə çalışır. Düzdür, fərqli rəssamları kopyalamaq, öyrənmək  yaxşıdır. Məndə də periodik olaraq olub, amma əvvəl-axır nə isə tapıb, yeni bir şeylər edirsən. Biz təzə nə isə eləməyə qorxuruq. Onsuz da insanlar  qəbul etmir, üstəlik rəssam da özünü təzə bir formada görmürsə, onda vəziyyət lap qəlizdir.

- Siz hansı yeniliklər etmisiniz?

- Deyə bilmərəm ki, mən yenilik etmişəm. Onu belə demək olmur ki, cərəyan yaratmamışam. Pikasso dövründə onun əsərlərinin hansı üluba aid olduqu bilinmirdi. Sonralar məlum oldu ki, o, kubizmi yaradıb. Mən də işlərimdə fərqliliklər etməyə çalışıram. Əminəm ki, Azərbaycanda onları etmirlər. Mənə nə xoş gəlirsə, onu edirəm. Daim rəssamları izləyirəm. Çalışıram ki, onlara bənzəməsin. Onsuz da çalışmağa ehtiyac yoxdur, çünki insan nə istədiyini biləndən sonra bənzəmir. Mən bunu eləməyə çalışıram. Fikrimcə, pis və ya yaxşı  nə isə fərqli bir şey yaranır.

- Mükəmməl rəssam olmaq üçün müəllimə ehtiyac var?

- Əlbəttdə, müəyyən qədər var. Adi müəllimə yox, mükəmməl müəllimə ehtiyac var. Çünki, mən şəxsən özümdən götürüm: diplom işimi və ya başqa yaradıcı işi işlədikdə,  hansı müəllimdən kömək istəyəcəyimi, məsləhət alacağımı bilmirdim. Elə müəllim tapa bilmirdim. Ən çox atamla mələhətləşirdim. O, mənə yol göstərirdi. Diplom işində başqa müəllimlərin də fikrini bilmək istəyirsən. Heç bir müəllim mənə istədiyim yolu göstərə bilmirdi, standart fikirlər bildirirdilər. Bəlkə mən müasir diplom işi işləmişdim. Müəllimlər müasirliyə, fərqliliyə açıq deyillər. Amma istəyirəm ki, mənə müasir yanaşmanı qəbul edən, bilən müəllimlər kömək etsinlər. Hansı ki, sənə hansısa bir qapının açılması üçün 3-4 cümləsi belə bəs edər. Elə müəllimlər, rəssamlar yoxdur. 

- Aldığınız sifarişlər arasında çəkməkdən imtina etdiyiniz şəkil olubmu? Olubsa, hansı səbəbdən imtina etmisiniz?

- O qədər olub ki! Bir dəfə emalatxanda işlədiyim vaxt telefonuma mesaj gəldi: “Salam, siz rəssamsız? Portret işləyirsiz?” – deyə soruşdular.  Bildim ki, sifariş vermək istəyirlər. Dedim ki, “yox, rəssam deyiləm, portret də işləmirəm”. Həmin vaxt mən həm işləmək, həm də sifariş götürmək istəmirdim. Belə hallar çox olur.

- Elə bir rəssam olub ki, sizi sənətə küsdürüb?

- Olmayıb! Elə bir rəssama mən onsuz da baxmıram. Məni sənətə heç nə küsdürə bilməz.

- Elə bir məqam olub ki, rəssamlıqdan bezib, başqa bir işlə məşğul olmağı düşünmüsüz?

- Yox, heç vaxt olmayıb. Başqa işlərdən bezib, rəssam olmaq istəmişəm.

- Hansısa əsəriniz tənqidlə qarşılanıb?

- Təbii ki, olub. Əsasən də böyük rəssamlardan tənqidi qəbul edir. Gənc rəssamlardan kimsə nə isə deyəndə, biz onu tənqid kimi qəbul etmirik, elə bilirik ki, paxıllıqdan danışır. Yaşlı rəssamlardan tənqid olur. Ən çox atamla məsləhətləşdiyim üçün ondan tənqid olur.

- Hər bir insanın həyatında yadda qalan məqamlardan biri də tələbəlik illəridir. Siz necə tələbə olmusunuz?

- Onu müəllimlərimdən soruşun. Əla tələbəlik illərim olub. Sevmişəm də, dalaşmışam da, avaraçılıq da eləmişəm, işləmişəm də. Yaxşı və pis hər bir şeyi yaşamışam. Məncə, hər bir tələbə yaşamalıdır və bu uğurlu tələbə düsturudur.

- Həmkarlarınız  sizin  haqqınızda  nə söyləyirlər?

- Bunu oxuyub deyəcəklər ki, yenə "ağıllı-ağıllı" danışıb.

- Yaradıcılıqda ən böyük arzunuz?

- Daim yaradıcı olsunlar və heç bir an adiləşməsinlər.

- Gənc rəssamlara nə məsləhət görərdiniz?

- Özüm də gənc rəssam olduğum üçün məsləhət bir az qəribə çıxır. İstəyərdim ki, səmimi və daim inkişafda olan bir gənclik görüm. Özüm də onun içində olmaq şərti ilə. Özümə verdiyim məsləhəti də onlara verə bilərəm ki, nə olursa olun, yolunuzu möhkəm tutun, o yolnan davam edin. İstədiyiniz işin arxasınca gedin.

- Yaxın gələcək üçün yaradıcılıq planlarınızı bölüşərdiniz...

- Sərgiyə hazırlaşıram. Bu il sonuna qədər sərgi planlaşdırıram. Hətta deyərdim ki, siz də mənim sərgimə gəlməyə hazırlaşın.

Arzu ƏLİYEVA




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv