Valyuta.com



   



Bakı, 10 oktyabr, Xəzərİnfo, Hərbi. "Azərbaycan Cənubi Qafqazda ən güclü Silahlı Qüvvələri olan dövlətdir".

Xəzərİnfo Sherg.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan dünənki iclasında səsləndirdiyi "Azərbaycan öz hərbi qüdrətini artırır və artıracaq"fikirlərinə münasibət bildirərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ekspert qeyd edib ki, Azərbaycan Ordusu həm silahlanmaya, həm də yüksək peşəkarlığa görə güclü ordular sırasındadır. Bu gün ordumuzda olan silah-sursat, texnika, atəş sistemləri, artilleriya qurğuları ən müasir tələblərə cavab verir:

"Ordumuzun bütün qoşun növləri ən müasir silah və texnika ilə silahlanıb. Ölkəmizin imkanları genişdir. Bu ilk növbədə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olub. Ordumuzun kadr potensialı da demək olar ki, postsovet ölkələri arasında birincilər sırasındadır. Azərbaycan Ordusunun zabitləri bütün beynəlxalq tədbirlərdə öz peşəkarlığı ilə seçilir. Bu gün Ordumuzun nümayəndələri NATO-nun, eləcə də inkişaf etmiş ölkələrin çoxsaylı tədbirlərinə qatılır və yüksək nailiyyətlər əldə edirlər. Azərbaycan hərbçiləri qardaş Türkiyə kimi böyük dövlətin NATO-nun tərkibindəki hərbçiləri ilə birgə fəaliyyət göstərmələri hərbi qulluqçularımızın, mütəxəssislərin peşəkarlığını nümayiş etdirir. Bunların hamısı Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsidir".

Silahlı Qüvvələrimizin rəhbərliyinin daim cəbhə bölgəsində olduğunu, cəbhəyanı bölgədə böyük işlərin görüldüyünü söyləyən polkovnik vurğulayıb ki, yeni hərbi obyektlər açılır, əsgərlərin sosial vəziyyəti yaxşılaşdırılır, döyüş hazırlığı təkmilləşdirilir:

"Döyüş hazırlığının keyfiyyətini yüksəltmək üçün lazım olan infrastruktur yaradılır. Azərbaycan Ordusu yüksək səviyyədə genişmiqyaslı təlimlər keçirir. Azərbaycan əsgərinin peşəkarlığını, ordumuzun təlimlərdə tətbiq etdiyi silahları bütün dünya görür. Azərbaycan Ordusunun irimiqyaslı təlimlərini görən Ermənistan rəhbərliyi vahiməyə düşür və dərhal hər yana səs salır ki, Azərbaycan silahlanır. Onlar bundan da dividend qazanmaq istəyirlər və dilənçilər kimi, öz diasporlarına, havadarlarına müraciət edirlər ki, bizə silah verin, kömək edin".

Ş.Ramaldanov diqqətə çatdırıb ki, döyüş hazırlığını daim artıran Azərbaycan Ordusu həm mənəvi-psixoloji, həm maddi-texniki, həm də kadr potensialı cəhətdən düşməndən dəfələrlə üstündür:

"Azərbaycan Ordusu ölkəmizin bugünkü iqtisadi imkanlarının güzgüsüdür. Azərbaycan iqtisadiyyatı nə qədər güclənirsə, imkanları nə qədər genişlənirsə, qeyri-neft sektoru inkişaf edərsə Ordumuzun imkanları da bir o qədər artar. Bu gün dövlətimizin istənilən silahı almağa imkanı var. Azərbaycan Prezidenti əmindir ki, həm cəmiyyət, həm Silahlı Qüvvələr Ali Baş Komandanın hər bir əmrini ən yüksək səviyyədə və qısa vaxtda yerinə yetirməyə hazır və qadirdir. Əsgərdən tutmuş generaladək Ordumuzun bütün şəxsi heyəti işğal altındakı torpaqlarımızı qısa zamanda azad etməyə hazırdır".

Ötənlərdə paytaxt Bakıda baş tutan "ADEX-2018" silah sərgisinin əhəmiyyətindən söz açan hərbi ekspert qeyd edib ki, Azərbaycanın digər ölkələrdən silah-sursat baxımdan asılılığını minimuma endirir:

"Müharibə şəraitində olan bir ölkənin belə hərbi sənayeyə malik olması onun qüdrətinin göstəricisidir. İşğal olunmuş ərazilərimizi azad edərkən bu üstünlüyümüz bizim üçün önəmli faktor olacaq. Azərbaycan hərbi sənayesi Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı altında olan prioritet sahədir. Bu səbəbdən də dövlət başçısı Azərbaycanda keçirilən bu sərgilərdə özü iştirak edir və bu sahənin ölkəmiz üçün vacibliyini bir daha göstərir. Digər tərəfdən, hərbi sənayenin inkişafı ölkə iqtisadiyyatının potensialının, elmin inkişafının göstəricisidir. Bu gün Azərbaycan hərbi sənayesinin 260 çeşiddə istehsal etdiyi silah-sursat, texnika və digər hərbi təyinatlı məmulatlar sərgidə nümayiş olunur. "ADEX-2018” sərgisi əvvəlki sərgilərdən fərqli olaraq ölkəmizə məxsus pavilyonun böyüklüyü və çeşidlərin çox olması ilə fərqlənir. Sərgidə bugünkü tələblərə cavab verən müasir silah-sursat nümayiş etdirilir. Azərbaycanın istehsal etdiyi zərbə pilotsuz uçan aparatları hələ indi Rusiyada istehsal edilməyə başlanılıb. Azərbaycan hərbi sənayesinin inkişafı digər dövlətlərlə və onların şirkətləri ilə birgə fəaliyyət nəticəsində daha da irəliyə gedib. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyində olan mütəxəssislər tanınmış hərbi sənaye ölkələrində təcrübə keçərək yeni bacarıqlarla vətənə qayıdırlar. Azərbaycan Rusiya, Türkiyə, Belarus, İsrail, Fransa kimi ölkələrlə bərabər öz stendini təqdim edir. Ölkəmizin belə dövlətlərlə rəqabət aparması Azərbaycanın iqtisadi, elmi potensialının yüksək olduğunu göstərir. Bu cür sərgilər kiçik dövlət olmasına baxmayaraq, Azərbaycanı dünyada özünün müstəqil siyasəti, inkişaf edən iqtisadiyyatı, hərbi sənayesi olan bir dövlət kimi tanıdır".

Azərbaycan Ordusu və Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100-cü il dönümünə dair təşkil olunan hərbi paradlara toxunan Ş.Ramaldanov onu da əlavə edib ki, bu paradların tarixi əhəmiyyəti çox böyükdür:

"Bu paradlar gələcək nəsillərimiz üçün böyük nümunədir. Bakının Azadlıq meydanında Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə belə bir möhtəşəm hərbi paradın keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq bağlarının daha möhkəm olmasından xəbər verir. Bu parad bir daha onu göstərdi ki, Ankara və Bakı həm xeyirdə, həm də şərdə bir-birinin yanındadır. Keçirilən hərbi paradlar ilk növbədə bizim bədnam qonşularımıza olan ismarıçdır. Yəni, Türkiyə kimi nəhəng ölkə Azərbaycanı hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Bu da həmin möhtəşəm parad nitqində iki dövlət başçısının, iki qardaşın bütün dünyaya bəyan etdiyi mövqedir”.

Ş.Ramaldanov düşünür ki, Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə fəaliyyəti ölkələrimiz arasındakı isti münasibətlərin göstəricisidir:

"Ən çətin dönəmlərdə Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanın yanında olublar. 1990-cı illərin əvvəllərindən bu istiqamətdə Türkiyə ilə Azərbaycanın işbirliyi yaranıb. Hazırda da bu işbirliyi davam edir. Eyni zamanda, iki ölkə arasında hərbi sahədə olan əməkdaşlıq daha da inkişaf edir. Demək olar ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətlərdə formalaşmasında böyük rol oynayıb. Bu gün Azərbaycan Ordusu inkişaf etməkdə olan ölkələrin orduları sırasında özünəməxsus yer tutub. Bütün bunlar Ölkə prezidentinin uzaqgörən siyasətinin, eləcə də, Türkiyənin zamanında və indi Azərbaycan Silahlı Qüvvələrinə dəstəyinin nəticəsidir. Son statistik göstəricilərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bir daha qeyd edirəm ki, bütün bu inkişaf parametrlərində Türkiyənin özünəməxsus yeri var”. 

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv