Valyuta.com



   



Bakı, 30 oktyabr, Xəzərİnfo, Region. "Gürcüstanda keçirilən son prezident seçkiləri saxtalaşdırılıb. Əgər təmiz və şəffaf seçki keçirilsəydi Mixail Saakaşvili Tiflisdə olardı"

Xəzərİnfo xəbər verir ki, bu sözləri Teleqraf.com-a Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini şərh edən Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov deyib.

Gürcüstan parlamentinin üzvü bildirib ki, onların namizədi Qriqol Vaşadze böyük faizlə irəlidə olub:

“Ancaq təəssüflə deyim ki, bəzi yerlərdə, xüsusilə bizim əlimiz çatmayan ərazilərdə saxtalaşdırma, karusel olub. “Gürcü Arzusu” əlini hər yerə atsa da, saxtalaşdırma ilə cəmi 37 faiz səs toplaya bilib. Çünki Gürcüstan əhalisi indiki hakimiyyətdən bezib. Son 6 ildə insanların vaxtını, taleyini oğurlayıblar. Gürcüstan əhalisinin 80 faizi İvanişvilinin banklarından aldığı kreditlərdən asılıdır. Sonda isə nə qədər saxtakarlıq və səsimizi oğurlasalar belə namizədimiz Vaşadze 38 faiz səs topladı. Yeri gəlmişkən, minlərlə bülleten etibarsız elan edildi. Çünki bülletenlərin arxasına möhür vurulmadı, imza atılmadı. Bütün bunlar məqsədli edildi. Amma buna baxmayaraq "Gürcü Arzusu" dünən seçkilərdə məğlub oldu. Gürcüstan vətəndaşları bununla 1990-cı illərə qayıtmaq istəmədiyini ortaya qoydu”.

Saakaşvilinin nümayəndəsi əlavə edib ki, artıq bir neçə partiya bəyanat verərək elan edib ki, seçkilərin II turunda müxalifət namizədini dəstəkləyəcək:

“Bu o deməkdir ki, iki həftədən sonra “Gürcü Arzusu” məğlub olacaq. Əlbəttə bəzən deyilir ki, Gürcüstanda əsas baş nazirdir, prezident vəzifəsi bir qədər simvolikdir. Bu sözlərdə həqiqət var, amma mən deyərdim ki, hər şey insanın şəxsiyyətindən, xarizmasından, ətrafından asılıdır. Nəzərə alınmalıdır ki, II turdan sonra namizədimiz Vaşadzenin arxasında ciddi siyasi qüvvə olacaq. Söhbət Milli Hərəkat Partiyasından və birləşmiş müxalifətdən gedir.

Qriqol Vaşadzenin prezident kimi birinci əmri Saakaşvilinin Gürcüstana gəlişi və ona gürcü pasportu verilməsi haqqında olacaq. Eyni zamanda siyasi məhbuslar həbsxanadan çıxacaq. Bir sözlə, Gürcüstandankı işlər 2012-ci ildən davam edəcək. Biz “Gürcü Arzusu” ndan sonra ölkəni yenidən qurmalı və inkişaf etdirməliyik”.

Azər Süleymanov deyib ki, müxalifət namizədinin II turda məğlub olma şansı yoxdur:

“Əslində bizim namizədin ilk turda 55 faiz səslə qələbə qazanmaq ehtimalı yüksək idi. Avropa Gürcüstan Partiyası seçkilərdə 10 faiz səs aldı. Digər partiyalarda müəyyən qədər səs aldılar. Nəzərə alın ki, bu partiyaların hamısı bizdən ayrılıblar. Bu, İvanaşvilinin oyunları idi. Ancaq indi bu oyunlar “Gürcü Arzusu”nun başında partlayacaq. Biz artıq bu gündən udmuş sayılırıq. Artıq “Gürcü Arzusu” nda olan insanlar bizə meyl edirlər. Çünki tarix dəyişir. Bunlar son 10 ildə bir partiyadan digər partiyaya keçməyə adət etmişdi. Artıq buna da yer yoxdur”.

Deputat daha sonra əlavə edib ki, Milli Hərəkat Partiyası heç kimi həbslərlə qorxutmur və belə bir niyyəti də yoxdur:

“Artıq bu mərhələni keçmişik. Biz belə işlərlə məşğul olası deyilik. Əsasən Gürcüstanın əhalisinin durumunu yaxşılaşdırmaq və ölkənin nüfuzunu qaldırmaq istəyirik. Eyni zamanda insanların etimadını layiqincə yerinə yetirməyə çalışırıq. 6 il bizə böyük dərs olub. Bizim də günahlarımız olub. Heç kimə hədə qorxu gəlmək niyyətimiz yoxdur. Gürcüstan kiçik dövlətdir, əhalisi də azdır. Ancaq dövlətin pulunu oğurlayanlar, kriminal fəaliyyətlə məşğul olanlar cəzasını almalıdır. Biz insanlara ümid veririk və verilən vədləri də real həyatda gerçəkləşdirəcəyik”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv