Valyuta.com



   



Bakı, 5 noyabr, XəzərİnfoTV, Cəmiyyət. Bayraq Günü ərəfəsində məktəb şagirdlərinin hazırladıqları kompazisiya üçün yerdə çəkdikləri bayraq rəsmi ətrafındakı qara fonlu hay-küy adekvat deyil. Bir çox müsabiqələrdə bütün atributlar və ən ehtiram göstərilən dəyərlər (Bayraq, ölkənin xəritəsi, əsgər görüntüsü və digər bu kimi rəsmlər) mövzusunda uşaqların yaradıcılığı əks olunur, yerdə belə görüntülər çəkilir.

XəzərİnfoTV xəbər verir ki, bu sözləri Kult.az-a təhsil eksperti Kamran Əsədov 9 noyabr Bayraq Günü münasibətilə Yasamal rayonunda yerləşən 20 nömrəli məktəbin həyətində yerdə rəngli təbaşirlə şəkilən üç rəngli bayraq rəsminin üzərində uşaqların gəzişməsini kəskin tənqid edənlərin fikirlərinə münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, bəzən insanlar həqiqi vətənpərvərliklə “vətənşüvənliyi” dəyişik salırlar:

“9 noyabr Bayraq Günüdür. Bu münasibətlə paytaxt məktəbliləri arasında 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar bədii qiraət, inşa yazı və rəsm müsabiqələri keçirilib. Bu prosedur qaydalar hamıya məlumdur. Hər bir məktəb fərqli bir formada iş görmək istəyir.

Bəzi sosial media səhifələrində bir məktəbdə asfalt üzərinə çəkilmiş bayrağın üzərindən uşaqların gəzişdiyini əks etdirən görüntü ciddi müzakirələrə səbəb olub. Təbii, həmin uşağın bu hərəkətinə haqq qazandırmaq fikrində deyiləm. Amma videogörüntünü çəkən şəxsin həmin uşağa irad bildirmək əvəzinə “sevincək” bunu lentə alıb ictimailəşdirməsi də bəzi “böyüklər”in həmin uşaqdan fərqlənmədiyini göstərir”.

K.Əsədov əlavə edib ki, hər il bir sıra əlamətdar günlərdə uşaqlar arasında asfalt üzərində çoxsaylı rəsm müsabiqələri keçirilir və bu da bütün dünyada yayılmış tendensiyadır:

“Demək istədiyim odur ki, Bayraq Günü ərəfəsində məktəb şagirdlərinin hazırladıqları kompazisiya üçün çəkdikləri rəsm ətrafındakı qara fonlu hay-küy adekvat deyil. Hələ ayın 2-də məktəb öz Feysbuk səhifəsində həmin kompazisiyanın görüntüsünü paylaşıb. Məncə, bir az real vətənpərvər olaq ki, uşaqlar da bizə ikrahla baxmasın. Onların da çoxunun sosial şəbəkələrdə olduğunu unutmayaq. Bu kimi məqsədyönlü təhrifləri onlar da görür və ən azından ciddi qəbul etmirlər”.

Ekspert bildirib ki, Bayraq haqqında qanuna görə, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər var. Amma o məhdudiyyətlərdə deyilir ki, Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz:

“Amma yerə çəkilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Bunlar azyaşlı uşaqlardır. Onlar sabahın naziri, həkimi, müəllimi və bəzən də şəhididirlər. Bəli, biz onlara vətənpərvərliyi bütün üsul və vasitələrlə öyrətməliyik. Onların işini aşağılamamaqla.

Keçirilən bu tədbirlərin, görülən işlərin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv