Valyuta.com



   



Politoloq Nəzakət Məmmədova: "Azərbaycan şirkətlərinin bu sanksiyadan təsirlənəcəyi inandırıcı görünmür"
 
Bakı, 6 noyabr, Xəzərİnfo, Region. Artıq dünəndən etibarən ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi qüvvəyə minib. İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər tətbiq edilir, iqtisadiyyatı neftə əsaslanan İrandan neft və məhsullarının satışına sanksiyalar tətbiq olunur.
 
ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən açıqlamada, Azərbaycanın Şahdəniz hövzəsindəki təbii qazını Türkiyəyə və buradan Avropaya daşıyacaq layihələrdə İranlı şirkətlərin də iştirak etməsinə icazə verildiyi bildirilib. Maliyyə Nazirliyi bu qərarın verməsinin səbəbini də açıqlayıb. Açıqlamada vurğulanıb ki, bu qərarın verilməsinə səbəb Türkiyə və Azərbaycanın Avropa enerji təhlükəsizliyin təmini, bu ölkə vasitəsilə Rusiya və İran Hökumətlərinin müstəqil enerji siyasəyti yürütməsidir.
 
Məsələ ilə bağlı Xəzərİnfo-ya açıqlama verən politoloq Nəzakət Məmmədova bildirib ki, ABŞ üçün hazırda ən vacib məsələlərdən biri, Avropanın enerji təhlükəsizliyinin təminatı, onun Rusiya təbii qazından asılılığının azaldılmasıdır: 
 
"Buna görə də "Qazprom"-un Avropadakı təbii qaz bazarındakı monopoliyasının aradan qaldırılmasına xidmət edən istənilən şirkət, hətta İran şirkətləri sanksiyalardan azad edilir.  Bildiyimiz kimi, Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində iştirak edir, buna görə də ölkəmizlə bu sahədə əməkdaşlıq edən İran şirkətləri sanksiyalara məruz qalmaqdan xilas olunublar".
 
Bu sanksiyalar Azərbaycan şirkətləri hansı dərəcədə təsir edəcək? Ümumiyyətlə, belə bir təhlükə varmı?
 
Azərbaycan şirkətlərinin bu sanksiyadan təsirlənəcəyi inandırıcı görünmür. ABŞ ölkəmizin mühüm geosiyasi mövqeyini nəzərə alaraq şirkətlərimizin zərər görməməsinə çalışacaq. Bu sanksiyalar daha çox İranla milyardlarla dollar əməkdaşlıq sazişləri olan Avropa şirkətlərinə aiddir. Rusiya, Türkiyə şirkətləri də bu sanksiyalardan zərər görə bilər.
 
- Belə bir fikir var ki, ABŞ özü bu sanksiyalara görə dünyada təklənəcək. Artıq Avropa İttifaqı bu qərara qarşı çıxdı. Bununla bağlı nə deyə bilərsiniz?
 
- ABŞ elə bir dövlətdir ki, dünyanın digər qüdrətli güc mərkəzləri hamısı birləşsə belə, onu təkləyə bilməz. Ən yaxşı halda onun siyasi, hərbi, iqtisadi potensialına balans yaratmasalar da, ona yaxınlaa bilərlər. Biz bunu Qüdsün İsrailin paytaxtı kimi tanınmasının müzkirəsi zamanı müşahidə etdik. Bütün dünya ölkələri, Avropa Birliyi, Rusiya, Çin, bir sıra islam dövlətləri, xüsusilə Türkiyə buna qarşı çıxdılar, lakin ABŞ-ın iradəsinə qarşı əks mövqe ortaya qoymaq və qərarın ləğvinə nail olmaq səyləri nəticəsiz qaldı. İrana qarşı sanksiyalar məsələsində də eyni vəziyyət davam edəcək.
 
- Türk və rus şirkətlərinin bu sanksiyalardan ciddi zərər çəkəcəyini dediniz. Burada nə kimi zərərlərdən söhbət gedir?
 
- Təbii ki, söhbət şirkətlərin milyonlarla dollar maddi itkiyə məruz qalmasından gedir. İrana milyonlarla dollar sərmayə qoyan, bu ölkə ilə ticarət, nəqliyyat-kommunikasiya əlaqələrinə malik şirkətlərdən əməkdaşlıq fəaliyyətlərinə son qoymaları tələb olunur. Bu, əlbəttə həmin şirkətlərin işinə mənfi təsir edərək, onları milyonlarla dollar maddi itkiyə məruz qoyacaq.
 
Amerikanın sanksiyalar siyasətinin sonu nə ilə bitəcək? Xüsusilə də, İrana qarşı tətbiq etdiyi sanksiyaların sonunu necə görürsünüz?
 
- Amerikanın sanksiyalar siyasətinin məqsədi İranı zəiflətmək, onun beynəlxalq aləmlə, o cümlədən Avropa, Rusiya, Türkiyə ilə əlaqələrinə zərbə vurmaqdır. Məqsədlər burada çoxdur. Əsas məqsədlərindən biri onun iqtisadiyyatını zəiflədərək Orta Şərqdə fəal xarici siyasət həyata keçirməsinə mane olmaq, Hizbullah, Həmas kimi təşkilatlara maliyyə yardımı göstərməsinin, bu təşkilatların İsrailə təhlükə yaratmasının qarşısını almaqdır. Eyni zamanda, Suriyada İranın planlarına mane olmaqdır. Digər tərəfdən iqtisadi çətinliklər yaratmaqla, büdcənin gəlirlərinin azaldılmasına çalışmaqla ölkə daxilində sosial zəmində narazılıqlar yaradaraq İran hakimiyyətini əhali ilə üz-üzə qoymaq, onu çətin duruma salmaqla Orta Şərqdə güzəştcil mövqe tutmağa sövq etməkdir. Sanksiyalar əlbəttə İranın real gəlirlərinin azalmasına gətirib çıxaracaq. Çünki bu ölkənin əsas gəlir mənbəyi neft-qaz sektorundan əldə edilir. Enerji sahəsinə sanksiya tətbiqi İran büdcəsinin gəlir hissəsinin azalmasına səbəb olacaqdır. Bu, həm də ABŞ-Avropa qarşıdurmasını gücləndirəcəkdir. Lakin sanksiyalarla İranın geri çəkiləcəyini gözləmək olmaz. Təcrübə göstərir ki, belə rejimlər əksinə bu cür hallarda daha radikal siyasət yeridir. Orta Şərqdə terror təhlükəsi daha da artacaq, ABŞ-ın İranın yanında olan digər dünya ölkələri ilə qarşıdurması güclənəcək. Birmənalı olaraq Yaxın Şərqdə, Suriyada, Fələstində, Yəməndə vəziyyət kəskinləşəcək. İran-İsrail, İran-Səudiyyə qarşıdurması artacaq, "Ərəb NATO-su" adlandırılan Yaxın Şərqin bəzi ərəb ölkələrindən ibarət sünni ordusunun yaradılması və onun İranın maliyyələşdirdiyi Həmas, Hizbullah, İslam Kesikçiləri Korpusu Qüds Briqadası, Həşdi-Şabi kimi təşkilatlarla qarşıdurması güclənəcək.
 
Ziya İKRAMLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv