Valyuta.com



   



Bakı, 10 noyabr, Xəzərİnfo, Region.  “Son illər Gürcüstanın Azərbaycan əsilli vətəndaşları ölkənin ictimai-siyasi həyatında daha fəal rol oynamağa başlayıblar”.

Xəzərİnfo-nu “Report”a istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili Gürcüstan Müsəlmanları İdarəsinin illik hesabatına həsr olunan tədbirdə deyib.

O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar, xüsusən də azərbaycanlı gənclər ölkədə baş verən bütün proseslərdə böyük fəallıq nümayiş etdirirlər: 

“Gürcüstanda deputat olmuş etnik azərbaycanlı Pərixanım Sofiyevanın adını qeyd etmək istərdim. O, müsəlman dünyasında deputat seçilən ilk qadındır. Bu, onu göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlılar tarixən ölkənin ictimai-siyasi həyatında yüksək fəallıqları ilə seçiliblər. Azərbaycanlı gənclərin Gürcüstanda çox fəal olması təqdirəlayiq haldır. Əlbəttə ki, cəmiyyətin bütün sahələrində daha fəal olmaq üçün dövlət dilinin öyrənilməsi əsas vacib şərtlərdən biridir”.

Ş.Rexviaşvili Gürcüstanda milli azlıqların hüquqlarının tam qorunduğunu bildirib:

“Gürcüstan hər zaman dini və etnik müxtəlifliyi ilə seçilib. Ölkədə müxtəlif din və millətlərin nümayəndələri tarix boyu sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar. Gürcüstanda bu ənənə yaşamaqdadır və gələcəkdə daha da möhkəmləndiriləcək”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv