Valyuta.com



   



Şair Ramaldanov: “Əməliyyatlar başlasa, qısa müddətdə düşmən darmadağın ediləcək”

 

Bakı, 19 noyabr, Xəzərİnfo, Hərbi. Payız fəslinin gəlişi və havaların soyuqlaşması bir məsələni aktuallaşdırıb. Bəllidir ki, hərbi əməliyyatlar üçün adətən mülayim hava şəraiti əlverişli sayılır. Belə bir şəraitdə cəbhə xəttində baş verə biləcək hər hansı toqquşmaların riskli olub-olmadığı yönündə müxtəlif fikirlər səslənir.

Bəs qarşıdakı aylarda müharibə ehtimalı nə dərəcədədir?

Xəzərİnfo xəbər verir ki, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Şair Ramaldanov musavat.com-a açıqlamasında, müharibə üçün qış və yay aylarından hansının uyğun olub-olmadığını müqayisə etmək üçün mütəxəssis olmağa ehtiyac olmadığını bildirib.

Onun fikrincə, isti aylar texnikanın işlək olması, eləcə də, ərazi baxımından əlverişli sayıla bilər: 

“Burada hava şəraiti, şübhəsiz ki, nəzərə alınmaya bilməz. Bir çox amillər nəzərdə tutulur. Döyüşə aid nəticələri əldə etmək üçün, əlbəttə ki, yay daha çox uyğundur. Amma unutmaq olmaz ki, silahlı qüvvələrimizdə döyüş hazırlığı yay və qış olmasından asılı olmayaraq dayanmır. Daimi döyüş hazırlıqlarımız olur. Şübhəsiz ki, qışa aid döyüş hazırlıqlarında buna uyğun xüsusiyyətlər nəzərə alınır. Yay aylarında da buna uyğun hərəkət edilir. Döyüş əməliyyatlarına gəlincə, bilirsiniz ki, birinci Qarabağ savaşında qış fəsli olmasına baxmayaraq, dağlıq yerlərdə əməliyyatlar aparılırdı. 1994-cü ilin əvvəllərində qış əməliyyatı aparıldı. O uğurlu əməliyyatlardan biri də 1994-cü ilin yanvar ayında Horadizdə oldu. 23 yaşayış məntəqəsi o zaman azad olunmuşdu. Digər istiqamətlərdə də həmin il əməliyyatlar aparılmışdı və uğur da qazanılmışdı. Sadəcə, qış fəsli və təminat düzgün hesablanmadığından həmin uğurları davam etdirmək mümkünsüz oldu. 1994-cü ilin qış əməliyyatlarında Ağdərədə də əməliyyatlar aparıldı. O zaman həmin bölgə azad olundu. Lakin bir gün sonra həmin yerlər yenidən işğal olundu. Yeganə həmin qış əməliyyatında ciddi uğur Horadizdə qazandıq ki, həmin ərazi indinin özündə də bizdədir. O vaxt qəsəbə daxil, Cocuq Mərcanlı da azad edilmişdi. Həmin istiqamətdə qış olmasına baxmayaraq, ordumuz haradasa 25 kilometrə qədər irəliləmişdi”.

Ehtiyatda olan polkovnik indiki vəziyyətdə ordumuzun imkanlarının daha yüksək olduğunu bildirdi: 

“Qış fəsli istənilən halda hücum edən tərəfə müəyyən çətinliklər yaradır. Amma unutmaq olmaz ki, müdafiə olunan tərəf də həmin çətinlikləri yaşayır. Döyüşdə iştirak edən hər iki  tərəf bu çətinlikləri çəkir. Bu zaman hansı tərəf vəziyyəti daha düzgün dəyərləndirib, düzgün analizlər çıxarıb, buna uyğun döyüş hazırlığı aparıb, vəziyyəti düzgün qiymətləndirsə, o tərəf üçün əməliyyatlar uğurlu olacaq. Ona görə əməliyyat aparmağı bacaran biri qış və yay aylarında əməliyyatlar apara bilir. Birinci və ikinci dünya müharibələrində yayda da, qışda da əməliyyatlar olub. Dağlıq Qarabağdakı ümumi vəziyyəti, eləcə də, havalar soyuq olanda hansı vəziyyətin yarandığını götürsək, yazdan yaya, yaydan payıza keçən müddət daha əlverişli sayıla bilər. Amma bu o demək deyil ki, ordumuz bu əməliyyatları qışda apara bilməz. Əgər vəziyyət zəruri həddə çatarsa, yəni silahlı qüvvələrimiz qarşıya qoyulan tapşırıqları yerinə yetirməli olsa, əminliklə deyirəm ki, həm şəxsi, həm də komandir heyəti buna tam hazırdır. Təlimlərdə hesablamalar aparılır. Hərbiçilərimiz ali baş komandanın əmrini hər zaman yerinə yetirməyə hazırdırlar. Bu istiqamətdə lazım olan tədbirlər də görülür. Ordumuz hər cür silah-sursat, hərbi texnika, ərzaqla təmin olunur. Düşünürəm ki, əməliyyatlar başlasa, ordumuz öz imkanları ilə düşməni qısa müddətdə darmadağın edəcək. Bu yerdə cənab prezidentin sitatını nümunə gətirirəm. O demişdi ki, əgər Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Cənab müdafiə nazirimiz də belə fikirləri dəfələrlə dilə gətirib. Ordumuz gecə-gündüz döyüş hazırlığını sürətləndirirlər. İstər qış, istərsə də, yay olsun, ordumuz hər zaman müharibəyə hazırdır”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    19.03.2019
  • 18.03.2019
  • 17.03.2019
  • 16.03.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv