Valyuta.com



   



Belarus Ermənistana ağır Qarabağ zərbəsi vurdu

 

Bakı, 21 noyabr, Xəzərİnfo, Region. “Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq özünün xüsusi xarakteri, ən əsası isə, davamlı inkişafa meyilli olması ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırır. Azərbaycan Prezidenti hər zaman qeyd edir ki, Belarus MDB məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Ölkə Prezidenti səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir. Həqiqətən, Belarus və Azərbaycan Respublikaları demək olar ki, bütün sahələrdə: siyasi, iqtisadi, mədəni, enerji, hərbi sahələrdə qarşılıqlı səmərəli əməkdaşlıq qura bilmiblər”.

Xəzərİnfo xəbər verir ki, bu fikirləri Publika.az-a açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Politoloq bildirib ki, iki ölkə arasında əlaqələrin konstruktivliyini təmin edən mühüm məqamlardan biri də hər iki tərəfin əməkdaşlığın yeni-yeni trendlərinin axtarışında olmasından ibarətdir:

“Bu baxımdan iki ölkə başçısı arasındakı görüşün protokolda nəzərdə tutulandan daha çox çəkməsinin səbəbi əməkdaşlığın inkişaf etdirilməsinin yeni yollarının axtarışıdır. Fikrimcə, digər bir səbəb Belarus prezidenti Aleksandr Lukaşenko ilə cənab Prezident arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son Astana zirvəsi ilə bağlı məsələlərin və regionda baş verən son hadisələrin müzakirə edilməsi ilə bağlıdır. Xüsusilə, iqtisadi və hərbi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılacaq yeni addımlar barəsində müzakirələrin aparılması da geniş bir vaxt tələb edir. Bu səbəbdən də görüşün bu qədər uzun baş tutması gözlənilən idi. Bundan əlavə 2019-cu ildə Belarus Azərbaycandan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Hesab edirəm ki, belə genişmiqyaslı tədbiri layiqli keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsindən ətraflı faydalanmaq istəyən Lukaşenkonun da cənab Prezidentimizdən maraqlanacağı mövzular var ki, bu da danışıq prosesinin uzun çəkməsinə gətirib çıxaran digər amillərdən biri ola bilər”.

E.Aşırlı Belarus-Azərbaycan əlaqələrinin Ermənistanı ciddi narahat etməsi məsələsinə də aydınlıq gətirib:

“Ümumiyyətlə, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasındakı strateji xarakter alan əlaqələrimiz Ermənistan tərəfində narahatlıq yaradır. Bir neçə saat öncə Ermənistanın baş naziri Paşinyan da mətbuat konfransı zamanı Azərbaycan-Belarus strateji əməkdaşlığından ciddi təşvişə düşdüyünü gizlətməyib. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə hərbi-strateji sahədə eyni fikirləri bölüşməsi onun təşvişini artırıb və bəyanat səsləndirməyə məcbur edib.

Belarusda imzalanmış ikitərəfli memorandum əsasında silah təchizatı məsələsinin də yer almasından narahat olan Paşinyan bildirib ki, bu anlaşmalar KTMT üzvü olan Ermənistanın maraqlarına zərbədir. Bu baxımdan, Belarus tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər rəsmi İrəvanı və Paşinyanı narahat etməyə bilməz. Çünki üzv olduğu KTMT-yə daxil olan ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləmələri Ermənistanın mövqeyinin zəifləməsi deməkdir. Xüsusilə, erməni ekspertləri və ictimaiyyəti Paşinyanı Xaçaturovu geri çağırmaqla səhv addım atdığına görə günahlandırırlar.

Erməni ekspertləri bildirirlər ki, Paşinyanın Astana zirvəsinin uğursuzluqla nəticələnməsi rəsmi İrəvanın mövqeyinin KTMT-da zəifləməsinə gətirib çıxaracaq. Bu baxımdan onlar hesab edirlər ki, Qarabağ məsələsində KTMT-ə üzv olan ölkələr tərəfindən təklənəcəklər. Belə olan halda, KTMT-yə üzv olan ölkələrin Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyəcəklərini ifadə edə bilərik. Təbii ki, bu da erməni hökumətində və ictimaiyyətində ciddi narahatlıq yaradır”.

Politoloqun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidenti tərəfindən Birgə Bəyanata dair əhəmiyyətli sənədin imzalanmasında ən əhəmiyyətli amil 6-cı maddədə öz əksini tapıb:

“Bu, ondan xəbər verir ki, iki ölkə arasındakı əlaqələr dinamik şəkildə inkişaf etdirilir. Birgə bəyanatın imzalanmasındakı ən əhəmiyyətli amil 6-cı maddədə öz əksini tapıb. Belə ki, həmin maddədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar qeyd edilib.

Bəyanatda bildirilir: “Tərəflər, yəni dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, tərəflərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklər sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər”.

Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən, Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. Münaqişənin həllinin əsasları da beynəlxalq ictimaiyyət üçün aydın xarakter daşıyır. Bu da Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir. Həmçinin Belarus ilə Azərbaycan arasında olan yüksək etimadın təcəssümü və göstəricisidir ki, ölkələrimiz üzv olmadığı beynəlxalq təşkilatlarda da biri-birini dəstəkləyir.

Dövlətimizin başçısı mətbuata bəyanatında da qeyd etdi ki, bu, sanki avtomatik xarakter daşıyır. Yəni, hər hansı bir məsləhətləşmə olmadan belə, Azərbaycan və Belarusun birinin üzv olmadığı beynəlxalq təşkilatlarda öz dəstəyini verir və bu dəstək mütəmadi, davamlı xarakter daşıyır”.

Ehtiram Aşırlı Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə inkişaf edən əməkdaşlığa da toxunub:

“Səfər çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişafı ilə əlaqədar da Anlaşma Memorandumu imzalandı. Bu Memorandumdan irəli gələrək hava hücumlarından müdafiə sistemlərinin, müxtəlif hücum vasitələrinin, o cümlədən atəş-idarəetmə sistemlərinin alınması üzrə kontraktlar həyata keçiriləcək.

Belarus Respublikası ilə imzalan birgə bəyanata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddənin əlavə olunması cənab Prezidentimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir. Həmçinin, Belarus-Azərbaycan əlaqələrinin dərinləşməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə irəliləyişlərə nail olması baxımından da təsirli olacaq. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Belarusun Azərbaycan qədər beynəlxalq hüquq normalarının yanında möhkəm qərarlaşdığı son görüşlərdə bir daha təsdiqləndi”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv