Valyuta.com



   



Bakı, 21 noyabr, Xəzərİnfo, Region. Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci Şura iclası keçirilib.

Xəzərİnfo xəbər verir ki,​ iclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Şura iclasına TÜRKPA-nın baş katibi və təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri qatılıb.

İclasdakı çıxışında ötən on il ərzində TÜRKPA-nın ciddi siyasi çəkiyə malik olan beynəlxalq təşkilat kimi formalaşdığını diqqətə çatdıran Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, türkdilli ölkələrin ortaq parlament məclisinin fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək göstərməyə yönəlib:

"Siyasi, iqtisadi, mədəni və digər əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişafına TÜRKPA-nın verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir. Təşkilatımız dünyanın 152 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə, Asiya Parlament Assambleyasında müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Coğrafi-siyasi cəhətdən çox önəmli bölgələri əhatə edən Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması türk dünyasının beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Üzv ölkələrin parlamentləri bu təşkilat çərçivəsində sıx əməkdaşlıq edərək bir sıra uğurlara imza atıblar. Azərbaycan parlamenti bu uğurlara sevinir və təşkilata ən yüksək səviyyədə dəstək verir. TÜRKPA-nın Beynəlxalq Katibliyinin Bakı şəhərində səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb".

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov TÜRKPA-nın on illik şərəfli inkişaf yolundan, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.

Baş katib Altınbek Mamayusupovun təşkilatın 2018-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib.

Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrlik Qırğızıstandan Türkiyəyə keçib.

Vüsal TÜRKOĞLU




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv