Valyuta.com



   



Əvvəlcə xərçəng nədir bunu araşdıraq: Xərçəng ən sadə dildə desək nəzarətsiz hüceyrə bölünməsidir. Xərçəng DNT-də bir sıra somatik dəyişikliklər nəticəsində yaranır və bu sərbəst hüceyrələrin yayılmasına səbəb olur. Bu dəyişikliklərin çoxu DNT’ də faktiki ardıcıllığın dəyişməsi ilə bağlıdır. Onlar təsadüfi replikasiya nəticəsində, kanserogenlərə məruz qalma zamanı və ya DNT’nin “təmiri” zamanı yarana bilər.Hüceyrələr davamlı olaraq bir təkrar içərisindədir. Həyatlarının çoxunu interfaza adlanan və hüceyrədaxili proseslərin getdiyi və növbəti bölünmə üçün daxili hazırlıqlar olaraq ifadə edə biləcəyimiz fazada keçirirlər. Daha sonra Dnt’dən gələn “əmr”lə hüceyrə bölünməsi üçün hazırlıqlar başlanır. Sırası ilə Profaza, Metafaza, Anafaza, və Telofaza mərhələləri daxilində hüceyrə bölünməsi baş verir. Ancaq bunlar bizim məktəb kursundan bildiklərimiz qədər sadə deyil. Hüceyrənin normal yaşamı və bölünməsindən əvvəl, bölünmə zamanı və sonrasında bir çox zəncirləmə reaksiyalar meydana gəlir. Bunlar müxtəlif ferment və zülallar vasitəsilə idarə olunurlar. Hər bir fazaarası keçid fərqli metodlarla idarə olunur. Ən sonda Dnt bölünür, telofazanın sonunda isə hüceyrə bölünür və nəticədə tək hüceyrədən 2 hüceyrə (meyoz bölünmə zamanı 4) meydana gəlir.

Ancaq bəzi kanserogen maddələr- radiasiya və s. təsirlərin nəticəsində hüceyrənin yoxlanış mexanizmlərindən bəziləri pozula bilər.  Və ya Dnt’yə bir xarici müdaxilə nəticəsində bölünmə lazım olunan kimi idarə oluna bilməz. Və bu zaman hüceyrə nəzarətsiz bölünməyə başlayar və lazım olandan daha çox hüceyrə yaranar. Məhz bu hala bədxassəli şiş və ya  daha xoşagəlməyən adıyla xərçəng deyilir. Ancaq unutmayaq ki, bu cür bölünmələr hərzaman bədxassəli deyil, xoşxassəli də ola bilirlər və bədənə çox və ölümcül zərər verməyə də bilərlər.

Hansı üzv və ya toxumada yerləşməsindən asılı olmayaraq bütün bədxassəli şişlər zamanı şiş hüceyrələrində toksiki zülali maddələr sintez olunur və qana keçir. Qanla bütün orqanizmə yayılan bu maddələr ümumi intoksikasiyaya, bütün digər üzv və toxumalarda maddələr mübadiləsinin pozulmasna, hüceyrələrin nekrozlaşmasına (və ya apoptozuna), atrofiyasına və son nəticədə isə xərçəng kaxeksiyasına səbəb olur.

Normalda bədənimizdəki Dnt’lərdə günlük olaraq təxminən 10000 mutasiya baş verir. Ancaq 3.5 milyard illik canlıların təkamülü nəticəsində inkişaf etdirilən “təmir” mexanizmi sayəsində Dnt davamlı olaraq özünü təmir edir. Lakin möhtəşəm bir varlıq olmadığımız və biokimyəvi reaksiyalarda da təbiətdə rast gəlindiyi kimi statistik olaraq xətalar olma ehtimalı olduğu üçün bəzən bu mutasiyalar təmir edilə bilmir və ya təmir mexanizmlərinin “diqqətindən qaçır” .Məhz bu kimi hallar xərçəngə səbəb ola bilir.

Şişlər müəyyən endogen (irsi) və ekzogen, xüsusilə də ekzogen mənşəli və ekoloji xarakterli patogen amillərin təsirindən baş verir. Məhz bu patogen amillərin təsirindən də hüceyrələrdə genetik dəyişiklik və onun neoplastik transformasiyası baş verir.

Şiş xəstəliklərinin baş verməsində bilavasitə əhəmiyyətə malik kanserogen amillərdən başqa bu xəstəliklər üçün fon rolu oynayan risk faktorları da vardır: şişönü dəyişikliklər, irsi meyillilik, qocalıq, müəyyən konkret coğrafi zonalarda yaşamaq, ətraf mühitin bəzi zərərli amilləri, peşə amilləri, qadınlarda erkən yaşlardan və müxtəlif şəxslərlə çoxlu cinsi əlaqələrdə olma, qeyri-düzgün qidalanma, piylənmə və s.

Sporadik xərçənglərin ən çox rast gəlinən səbəbinin ətraf mühit amilləri olduğunu demək məntiqəuyğundur. Xüsusi xərçəng  növlərinin ölüm faizinin coğrafi fərqliliklərə görə dəyişməsi bu fikri doğrulayır. Məsələn, süd vəzisi xərçənginin ABŞdakı və Avropadakı ölüm faizi Yaponiyadakı rəqəmin 4-5 qatıdır. Əksinə Yaponiyada mədə xərçənginin kişilərdə və qadınlarda bildirilən ölüm faizi ABŞdakı rəqəmin təxminən 7 qatıdır.   ABŞda nisbətən az rastgəlinən hepatosellular karsinoma Afrikada bir çox populyasiyada ən çox ölümə yol açan karsinomadır.

Əlimizdəki sübutların əksəriyyəti bu fərqlərin irsi faktorlardan deyil, ətraf mühit faktorlarından qaynaqlandığını göstərir. ABŞda yaşayan ikinci nəsil Yaponlarda (Nisei) müəyyən xərçənglərin ölüm faizi Yaponiyada doğulub böyüyənlərin ölüm faizi ilə nəsillər boyunca ABŞda yaşadıqları bilinən Yaponlardakı rəqəmin arasındadır. İki rəqəm bir-birinə hər nəsildə daha çox yaxınlaşır.

Xərçəngin rastgəlmə tezliyi yaş artdıqca artır. Xərçəng ölümlərinin əksəriyyəti 55-75 yaş arasında baş verir və bu ölümlər 75 yaşdan sonra populyasiya ilə birlikdə azalır. 15 yaşından kiçik uşaqlarda bütün ölümlərin 10%-indən çoxunun səbəbi xərçəngdir.

Ətraf mühitdəki kanserogenlər azalmır. Bunlar içində yaşadığımız müxtəlif mühitlərdə, iş yerlərində, qidada və fərdi proseslərdə gizlidir. Ətraf mühit faktorları günəş işığı kimi hər yerdə və ya asbest kimi şəhər mühitlərində tapıla bilər və ya müəyyən peşələrlə sərhədli ola bilər. Kanserogen təsir yaradan faktorlar arasında ən çox problem yaradanlar siqaret və xroniki alkoqol istifadəsi kimi fərdi proseslərdir. Servikal  xərçəng riski insanın ilk cinsi əlaqədə olduğu yaş və əlaqədə olduğu şəxslərin sayı ilə bağlıdır. Qaçış yoxdur: Fərdin həyatını qazanmaq, mövcudluğunu davam etdirmək və ya həyatdan zövq almaq üçün etdiyi hər şey bəlkə də kanserogendir.

Xərçəngli hüceyrələr nəzarətsiz bölündüyü üçün digər toxuma və orqanlara da sıçraya bilərlər. Hətta bu nəzarətsiz hüceyrələr qan ilə bədənin başqa hissələrinə daşınaraq yerləşə bilər və orada çoxamağa davam edə bilərlər. Buna görə erkən diaqnoz xərçəngdə çox önəmlidir və qan vasitəsilə vücudun fərqli bölgələrinə yayılmadan bir nöqtədə nəzarətsiz bölünən hüceyrələr müxtəlif müdaxilələrlə dayandırılmalı və ya nəzarətə götürülməlidir.

Normalda hüceyrə bölünməsi zamanı fazalar arasında və ya fazalar daxilində bəzi nəzarət nöqtələri vardır. Bu nöqtələrdə müəyyən kimyəvi maddələrin olub olmadığı araşdırılır, yəni bu kimyəvi maddələr ifraz olunmayıbsa bölünmə prosesi dayanır və bu maddələr ifraz olunana qədər bölünmə davam etmir, və ya başqa bir nəzarət nöqtəsində müəyyən bir kimyəvi maddə olduğu zaman ifraz dayandığı və nəzarətə götürüldüyü ana qədər bölünmə davam etməz. İkinci tip maddələr şişin qarşısını alan faktorlardır və xərçəngə qarşı müalicədə vacib rol oynayır. Təkamül müddətində inkişaf edən bu kimyəvi maddələrin varlığında hüceyrə bölünməsi baş verir. Ancaq  nəzarət nöqtələrinə aid bu maddələrin sintezində problem olduğu zaman hüceyrə bölünməsi nəzarəti itirə bilər. Bunun nəticəsində də xərçəng yaranar.

Nəzarətsiz bölünən bu hüceyrələr bir nöqtədən sonra immun sistemə aid hüceyrələrin biokimyəvi quruluşuna görə “yad maddə” olaraq tanınmağa başlayır və yox edilməyə çalışılır. Bunun nəticəsində mutasiyaya uğramış hüceyrə xərçəngə səbəb olmadan yox edilir. Ancaq bu hər zaman belə olmaz və bəzi hüceyrələr daha sürətli bölünərək immun sistemi dəf etməyi bacara bilərlər. Bu da xərçəngin digər yaranma səbəblərindən biridir. Buna görə də immun sistemin güclü olmasının sadəcə qrip kimi sadə xəstəliklərin qarşısının alınmasında deyil, xərçəng kimi dəhşətli xəstəliklərin qarşısının alınmasında rolu böyükdür.

Səbəbindən aslı olmayaraq müəyyən bir toxuma və ya orqanda başlayan bu xərçəngli hüceyrələr bir müddət sonra o qədər böyüyür və çoxalırlar ki, digər hüceyrələrin qida mənbələrinə, işləmə mexanizmlərinə və həyati funksiyalarına təsir etməyə başlayırlar. Bu nöqtədən sonra vücud lazım olan funksiyalarını yerinə yetirə bilmir və bir müddət sonra pilləli olaraq problemlər yaranmağa başlayır. Əgər xərçəng vücuda yayılıbsa və kritik bölgələrə zərər veribsə, çox halda vücudu ölümə aparır.

Xərçəngin inkişafının xüsusi genlərdə olan mutasiyalar tərəfindən idarə olunması fikri son 25 ildə qəbul edilib. Mikroskopun kəşfindən əvvəl xərçəngin seliyin aqreqatlarından və ya başqa qeyri-hüceyrəvi maddədən ibarət olduğuna inanırdılar. 19-cu əsrin ortalarında məlum oldu ki, şişlər xərçəngi meydana gətirən toxuma hüceyrələrindən törəyən hüceyrə kütlələridir. Lakin xərçəng hüceyrələrinin nəzarətsiz yayılmasının molekulyar əsasları bir əsrdir ki, sirr olaraq qalmaqda idi. Bu müddət ərzində xərçəngin mənşəyi barədə bir sıra nəzəriyyələr qəbul edildi. Böyük biokimyaçı Otto Warburg xərçəngin anormal oksigen mübadiləsi ilə bağlı olduğunu göstərən nəzəriyyə irəli sürdü. Bundan əlavə, bəziləri xərçəngi virusların törətdiyinə və yayılan bir xəstəlik olduğuna inanırdılar.

Bəs bu şəkildə ölümə səbəb olan xəstəlik necə təkamül edib? Bizim başlanğıc problemimiz budur:

“Nature” jurnalının 27 avqust 2008-ci il sayında dərc olunan “Təbii Seçmə: Xərçəngin təkamülü” adlı yazıda da deyildiyi kimi xərçəng hüceyrələri müxtəlifdir və bir-birləri ilə yarış halındadırlar. “Və ən güclü olan həyatda qalır”. Ancaq xərçəng hüceyrələri arasında mübarizə və  seçmə hal-hazırda araşdırılan bir mövzu olduğundan çox xırda detallara girmək bizi yanılda bilər.

Ölümcül bir bakteriyanın varlığı bizə təəccüblü və təbiətə tərs gələ bilər. Çünki belə düşünə bilərik: ” Əgər bizi öldürürsə niyə mövcuddur? Təbii seçmə ilə kənarlaşdırılmalı deyildimi?”  Bu əslində əsassız bir sualdır, çünki Təbii Seçmə və təbiət bizim üçün mövcud deyil. Təbii Seçmə bizim xeyrimizə işləmir. Bizlər nə təbiətin, nə də təbii seçmənin vecinəyik. Biz təbiətdəki adi canlılarıq və bir gün yox olub gedəcəyik. Bəli, o bakteriyalar bizə öldürücü təsir göstərə bilər; ancaq o bakteriyaların var olması üçün biz ölməliyiksə,  güclü olan həyatda qalacaq. Nəticədə bakteriya da həyatda qalmağa və çoxalmağa çalışacaq və bunu edərkən “İnsanlara və digər canlılara zərər verməyək” deyə bir qayğıları olmayacaq. Təbii ki, Təbii Seçmə adi gəlib-gedici bir heyvan olan insanın tərəfində yox, mühitə kim daha çox uyğunlaşıbsa onun tərəfində olacaq; hərzaman olduğu kimi.

Bu səbəbdən xərçəng hüceyrəsi də yarandıqdan sonra vücudumuzdakı bütün digər hüceyrələr və bizim kimi davranacaq. Həyat uğrunda mübarizəyə qoşulacaq və çoxalacaq. Və bunu nəzarətsiz çoxalaraq edəcək.

Normal hüceyrələrimiz mutasiya keçirib bədxassəli şiş yaratdıqdan sonra ətrafdakı hüceyrələr üzərində üstün olma mübarizəsində olurlar. Əgər normal hüceyrələriniz (immun sistemə aid hüceyrələr) daha güclüdürsə, xərçəng çıxdaş ediləcək. Deyilsə, siz məğlubsunuz.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, xərçəngə səbəb olan hüceyrələr bir dəfə mutasiya keçirmirlər, pilləli olaraq nəsillər boyunca təkamül edirlər. Əslində xərçəng hüceyrələrini araşdırmaq belə təkamülü müşahidə etməyin asan yoludur. Çünki hüceyrələr çox sürətlə bölünür və bu da çox nəslin sürətli keçməsinə səbəb olur. Xərçəng hüceyrəsinin təkamülünü izləmək buna görə də asandır. Üstəlik xərçəng hüceyrəsinin üzərində təbii seçmə təzyiqi vardır çünki onlar “istənməyən hüceyrələr”dir və bədəndən xaric edilməyə çalışılır.

Howard Hughes Tibb İnistutunun yayımladığı bir araşdırmaya görə bir hüceyrənin xərçəngli hala keçə bilməsi üçün ən az üç və ya dörd, ancaq çox hallarda bundan daha çox mutasiya keçirməlidir. Və bunların baş verməsi üçün mutasiyalar mütləq doğru zamanda və doğru genlər üzərində baş verməlidir.

Xərçəngdən öldüyü deyilən bir çox insan əslində xərçəng hüceyrələri ölümcül hala çatmamışdan əvvəl bəzi digər xəstəliklərə səbəb olduğu üçün və ya bədənin bəzi funksiyalarını pozduğu üçün ikincili səbəblərdən ölürlər. Xərçəngin həqiqi mənada öldürücü həddə çatması üçün uzun bir təkamül müddətindən keçməsi lazımdır.

Bağırsaq xərçəngini araşdıran Bert Vogelsteinə görə xərçəng hüceyrələri bəzi kimyəvi maddələr sintez edirlər və bu maddələr bölünməni daha da sürətləndirir. Daha çox bölünməni təmin edən bu genlərə onkogen deyilir.

Təkamül müddətində getdikcə daha da “ağıllı” olan bəzi hüceyrələr (genlər) DNT’ nin təmir mexanizmini də poza bilər. Bu da daha çox mutasiyanın qarşısının alınmamasına səbəb olar. Bu vəziyyət xərçəngin təkamülünü daha da sürətləndirə bilər.

Tərcümə etdi: Aysel Əliquliyeva

Mənbələr:

Evrim Ağacı portalı

Robbins Basic Patology

Harrison’s Hematology and Onkology

Patoloji Anatomiya (Ali tibb təhsili tələbələri üçün dərslik)

rezonanss.com

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv