Valyuta.com



   



Formal-məntiqi qanunlar içərisində bu qanun da mühüm yer tutur və digər qanunlarla sıx əlaqədədir, onunla dialektik vəhdət təşkil edir. Əgər fikir müəyyənlik xassəsinə (eyniyyət qanununda olduğu kimi) malikdirsə, bu, onun digər fikirlərlə qarşılıqlı əlaqəsində həqiqi yaxud yalan olmasının müəyyənləşdirilməsinə imkan verir. Bu, o deməkdir ki, fikirdə məntiqi ziddiyyətlərə yol verilməməlidir. Fikrin həqiqiliyi yaxud yalanlığının müəyyən olunması ona uyğun gələn əsaslandırmadan kənarda baş verə bilməz. Buradan da kafi əsas qanununun fəaliyyəti meydana gəlir. Bu qanunda müəyyənliklə, ardıcıllıqla və ziddiyyətsizliklə yanaşı, təfəkkürün əsaslılığı, sübut olunma xassəsi də beynimizdə ifadə olunur.

Kafi əsas qanununun mahiyyəti belədir: Hər cür fikir o vaxt həqiqi hesab olunur ki, onun kafi əsası olsun, əsaslandırıla bilinsin.

Bu qanunu belə formalaşdırmaq olar:

A vardır, ona görə ki, B vardır. Burada A – məntiqi nəticəni, B – məntiqi əsası bildirir. Bu qanun bizi əhatə edən gerçəklikdəki predmet və hadisələr arasında mövcud olan ən ümumi qarşılıqlı əlaqələri əks etdirir. Gerçəklikdəki predmet və hadisələr bir-biri ilə elə formada əlaqəlidir ki, bir qisim biliklər ondan irəli gələn digər biliklər üçün əsas olur. Məsələn, biz harada tüstü görsək, o dəqiqə nəticə çıxarırıq ki, burada yanma mənbəyi vardır. Buna görə də, bu və digər müddəanın həqiqiliyini digər fikirlərin köməkliyi ilə əsaslandıraraq bu müddəalarda inikas olunan predmetlərin özlərinin obyektiv əlaqələrinə istinad edirik. Bu qanun dərkedici təfəkkürün sübutluluğunun əsasını təşkil edir. Məsələn, “Cəfər bu cinayət hadisəsini törətmişdir” hökmünü əsaslandırmaq üçün biz şəxsi təcrübə və müşahidəmizdən istifadə edə bilərik (əgər Cəfərin həmin cinayət hadisəsini törətdiyini öz gözlərimizlə görmüşüksə). Lakin fikrin həqiqiliyini əsaslandırmaq üçün şəxsi təcrübə kifayət deyildir.

Kafi əsas odur ki, praktikada həqiqiliyi yoxlanılmış və qəbul olunmuş hökmlərdən digər fikirlərin zərurətlə çıxarılmasıdır. Kafi əsas kimi insan həmişə faktlara, aksiomlara, qanunlara, elmdə həqiqiliyi yoxlanmış tərif və teoremlərə əsaslanır.

Əsaslılıq məntiqi təfəkkürün çox mühüm xassəsidir. Xüsusilə də, elmi təfəkkür, elmi xarakterli müddəa və fikirlər əsaslandırılmadan keçinə bilməz. Əsaslanmamaq, müxtəlif fikirləri ehkam kimi, kor-koranə etiqad kimi qəbul etmək, qeyri-elmi təfəkkürə xas olan keyfiyyətdir.

Kafi əsas qanunu müxtəlif qəbildən olan cəhalət, xurafat və köhnəlik qalıqları ilə bir araya sığmır. Məsələn: “Güzgünün sınması bədbəxtlik əlamətidir”, “Duz dağılarsa, evdə dava düşər” və s.

Düzgün məntiqi nəticələrin çıxarılmasında kafi əsas qanunundan irəli gələn müəyyən şərtləri gözləmək vacib məsələdir.

Bu qanunun tələblərindən biri ondadır ki, hər cür fikir əsaslandırılmalı və sübut olunmalıdır. Bu xassələrə riayət etmək hər bir alimin, tədqiqatçının ən ümdə vəzifəsidir.

İkincisi, hər bir müddəa o vaxt həqiqi və məntiqi hesab olunur ki, onun kafi əsası olsun, gerçəkliyi olduğu kimi əks etdirsin. Bu keyfiyyət elmi-nəzəri təfəkkürü qeyri-elmi, primitiv, dini təfəkkürdən fərqləndirir. Din öz “həqiqətlərini” faktlarla sübut edə bilmir, dini müddəalara kor-koranə inanmağı tələb edir. Bu qanun konkret fikri, mülahizəni əsaslandırmaq məqsədilə gətirilən dəlillərin həqiqiliyini aşkara çıxarmasa da, belə bir ümumi tələbi ifadə edir ki, hər cür mülahizənin hökmən müəyyən əsası vardır. Elmi həqiqətlərin konkret surətdə əsaslandırılması təbiətşünaslıq və ictimai elmlərin xüsusi məsələsidir ki, bu da gerçəkliyin hərtərəfli təhlili əsasında həyata keçirilir.

Üçüncüsü, bu qanun təfəkkür prosesində bir-birilə əlaqəli olmayan, biri digərini əsaslandırmayan, dolaşıq və məntiqsiz fikirlərin aradan qaldırılmasını tələb edir. Bu tələblərin insanın praktik fəaliyyətində və elmi nəzəriyyələrin inkişafında mühüm idraki və metodoloji əhəmiyyəti vardır, bunsuz elmi müddəaların inkişafından danışmaq müşkül məsələdir.

Dördüncüsü, təfəkkürün məntiqi qanunlarını qarşılıqlı əlaqə və münasibətdə nəzərdən keçirmək lazımdır.
Bu qanunlardan birinin tələbi pozularsa, digərlərini də tətbiq etmək mümkün olmur.

Gerçəkliyin hərtərəfli və dolğun dərkində bu qanunların tələblərini gözləməklə, onları dialektik məntiqin əsas prinsiplərilə əlaqələndirmək lazımdır, çünki dialektik məntiq təfəkkürün dəyişməsi, hərəkəti və inkişafının ən ümumi xassələrini də tədqiq edir. Hər iki elmin qanunlarıdan biri digərini istisna etmir, dialektik surətdə biri digərinə qarşılıqlı təsir edir. Dialektika predmet və hadisələri daim hərəkət və inkişafda götürür, bunun üçün də bütün elmlərin metod və metodologiyasıdır.

Təsadüflərin əsaslandırılması

Çox vaxt xalis təsadüfi faktlardan (əlavə olaraq bax: Qəribə təsadüflər silsiləsi: Sinxronizm;  Karl Qustav Yunqu necə oxumalı?) müəyyən hökmlərin “əsaslandırılmasında” istifadə olunur ki, bunun da real proseslərlə əlaqəsi olmadığından gətirilmiş tezisi əsaslandırmaq olmur. Müşahidə olunmuşdur ki, Sankt-Peterburqda hər 100 ildən bir böyük daşqın olmuşdur və qeyd edirlər ki, bu hadisə 2024-cü ildə də baş verəcəkdir. Bu cür təbiət hadisələri arasında bizə məlum olmayan qanunauyğunluq ola bilər, lakin bunun zəruriliyini ehtimal etmək olmaz, təbiət hadisələrində bu cür paralelliyi, oxşarlığı təsadüfi uyğunluq kimi qəbul etmək olar, çünki bu cür hadisələr çox vaxt təkrar olunmur. Belə bir fakta müraciət edək. Avropada hər 45 ildən bir (1778, 1823, 1868, 1913) havalar çox isti keçmişdir, lakin 1968-ci ildə bu hadisə təkrar olunmadı, əksinə havalar soyuq keçdi, Moskvanın özündə havanın temperaturu sıfıra düşmüşdür. Hadisələrdəki təsadüfi uyğunluğun heç bir elmi əsası yoxdur, bunu ciddi dəlil kimi gətirmək yanlış fikirdir.

Bəzən tarixi hadisələrdə də bu cür uyğunluğa, oxşarlığa təsadüf edirik. ABŞ-ın prezidentlərindən A. Linkoln 1860-cı ildə hakimiyyətə gəlmiş, cümə günündə qəflətən açılan güllə ilə öldürülmüşdür, onun yerinə demokratlar partiyasından olan ABŞ-ın senatoru və 1808-ci ildə anadan olmuş I Conson gəlir. Bu hadisədən 100 il keçdikdən sonra R. Kennedi (1960-cı il) hakimiyyətə gəlir, o da Texas vilayətində cümə günü qəflətən qətlə yetirilir, onun yerinə 1908-ci ildə anadan olmuş demokratlar partiyasının üzvü, senator II Conson prezidentliyə gəlir.

Bu hadisələrin arasında 100 il fərq vardır.

Bəzən güman edilir ki, bu hadisələr hər 100 ildən bir təkrar olunacaq. Buradan qəti nəticə çıxarmaq olmaz, bu cür uyğunluğun nəticə çıxarılmasında heç bir kafi əsası yoxdur. Bu hadisələr arasında bəlkə də gizli bir qanunauyğunluq axtarmaq mümkündür, çünki təsadüfi hadisələrin özündə zərurətin ünsürlərinə rast gəlmək olur. Təsadüf zərurətin təzahür formasıdır, təsadüflərin kəsişdiyi nöqtədə zərurəti aşkara çıxarmaq ciddi elmi-nəzəri tədqiqatlarla bağlıdır. Fikrin məntiqi formalarının yaranmasında, mühakimə prosesinin qurulmasında və ondan istifadə olunmasında məntiqi qanunların tətbiqinin mühüm qnoseoloji və metodoloji əhəmiyyəti vardır. (Həmçinin bax: Kral 1. Umberto)

 Non sequitur

Kafi əsas qanununun fəaliyyət sferası genişdir, bu qanun əqli nəticələrdə və sübut prosesində də tətbiq olunur. Hər cür həqiqi fikri o vaxt əsaslandırılmış hesab etmək olar ki, onun kafi əsası olsun.  Biz hər cür fikrin əsaslandırılmasında inama, dini müddəalara yox, gerçək faktlara və əvvəllər sübut olunmuş müddəalara əsaslanmalıyıq. Bu qanun əlaqəsiz, xaotik, sübut olunmamış mühakimənin əleyhinə yönəldilmişdir. Aydındır ki, boş, nəzəri cəhətdən əsaslandırılmayan, əlaqəsiz hökmlərdən gerçək nəticələr almaq qeyri-mümkündür. Bu qanun hər cür ehkamın, boş inamların, xurafat və mövhumatçılığın düşmənidir. Bu qanunun tələblərinin pozulması ilə əlaqəli olan mühüm məntiqi səhv “nəticə çıxmır” 

(“non Sequitur”) adlanır.

Müqəddimələrlə nəticə, tezislə əsas, dəlillərlə yekun biliyi arasında kifayət qədər məntiqi əlaqələr olmadıqda bu cür səhvlər aşkara çıxarılır. Belə səhvlərə biz N. Qoqolun “Müfəttiş” əsərində Bobçinski və Dobçinskinin söhbətlərində də rast gəlirik. İnsanın praktik fəaliyyətində də bu qanunun tələblərinə riayət etməyin vacib əhəmiyyəti vardır. Məşhur rus sosioloqu P. Sorokin vaxtilə ölkəmizdə sosializmin quruculuğunda insanların əməli fəaliyyətində yol verilən bu cür səhvlər və təhriflər əleyhinə ciddi mübarizə aparmışdır.

Mənbələr:

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011

Redaktə etdi:  Fatimə Əliyeva

rezonanss.com




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv