Valyuta.com



   



Bakı, 11 aprel, XəzərİnfoTVAzərbaycanın Müdafiə naziri Zakir Həsənov bu gün cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.

Nazirlikdən XəzərİnfoTV-ya verilən məlumata görə, əvvəlcə Zakir Həsənov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.

Təntənəli mərasimdə çıxış edən birlik komandiri general-leytenant Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin komandanlığı tərəfindən hərbi hissələrə göstərilən etimada görə xüsusi minnətdarlığını bildirib.

Əlamətdar gün münasibəti ilə nazir Zakir Həsənov şəxsi heyəti təbrik edərək deyib: "Bu gün sizin hərbi hissələrə döyüş bayraqları təqdim olundu. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Döyüş bayrağı hərbi hissənin şərəf və şöhrət rəmzidir. Biz istəyirik ki, döyüş bayraqlarımız bütün döyüşlərdən şərəflə keçərək işğal olunmuş bütün torpaqlarımızı azad etməklə Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağda dalğalansın. Biz hamımız buna inanırıq və əminik!

Bu gün Silahlı Qüvvələrimiz Möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib çıxarır".

Nazir qeyd edib ki, ön cəbhədəki qəhrəman əsgər və zabitlərimiz düşmənə bu gün layiqli cavab verir: "Düşmənin uğursuz əməliyyatları onlar üçün sonda böyük itkilərlə nəticələnir. Bu da düşmən ordusunda, ümumilikdə Ermənistanda problemlər yaradır.
Bir daha bildiririk ki, qısa bir müddətdə öz torpaqlarımızı azad edəcəyik. Bu gün mən sizin hərbi birliyin xidməti döyüş fəaliyyətini yüksək qiymətləndirirəm və tam əminəm ki, siz qarşınızda duran bütün vəzifələri indiyədək olduğu kimi bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəksiniz. Bir daha sizi təbrik edir və xidmətinizdə uğurlar arzulayıram".

Mərasimin sonunda hərbi hissələr təntənəli marşla tribuna önündən keçiblər.

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    18.06.2019
  • 17.06.2019
  • 16.06.2019
  • 15.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv