Valyuta.com



   



Bakı, 6 oktyabr, Xəzərİnfo, Ədəbiyyat. 

Çox şey dəyişməyib ki?

Tərk edəndən “həmin”əm...

Məni düşündüyündən,

Adım kimi əminəm.

Yenə eyni yuxular

Palçıqlı küçələrdə.

Yenə nəfəsi soyuq,

İnsafsız gecələrdə.

Yenə mətbəxdə gizlin,

Soğan öpər gözümü.

Yenə yad divarlara,

Pıçıldaram sözümü.

İçim çölümə ögey,

Öz-özümdən sürgünəm.

Sən yağmalayan gündən,

Ruhumdan didərginəm.

Bir vaxt sən idin dünyam,

Neyləyərdim özgəni?

İndi lənətləyərəm,

Görər-görməz kölgəni.

İsitmədin istinə,

Tüstünə boğdun məni.

Bu günəşli dünyadan,

Zülmətə qovdun məni.

Yuxum gerçəyə döndü.

Bax, həmin gecədəyəm.

Əlim,üzüm bulaşıq,

Palçıqlı küçədəyəm.

Daha o dağ vüqarı

Daşımıram çiynimdə.

Qürurum da daralıb,

Nimdaşlaşıb əynimdə.

Yalanımı tut artıq.

Çox şeyi dəyişmişəm,

Mən yaşamaq uğrunda,

Ölümlə döyüşmüşəm.

Səni arzulamıram,

Dərdimlə, qınağımla.

İşığa yol qazıram,

Dişimlə, dırnağımla.

Məni xatirəndə gəz,

Danışmayım, dinməyim.

Nə sən geri çağırma,

Nə mən geri dönməyim.

17.09.2018

--------

SÖZLƏRİN

(müzarə bəhri)

Ruhlandırır həyatə məni sadə sözlərin,

Quştək qanad verir mənə, azadə sözlərin.        

 

Ver məsləhət ki, başıma tac eyləyim müdam,

Heç görmədim ziyanını şahzadə sözlərin.

 

Hərdən uşaq kimi səni üzdüm, bu bəllidir,

Lakin, verərmiyəm gedə heç badə sözlərin?!

 

Bəh-bəh ilə, dolandı bu sərxoş təbim yenə,

Meydən betərdi eşq dolu, badə sözlərin

 

Atmaq olarmı yarı, danıb əhdi-yarı da,

Şeytanə uymadan, gəlir imdadə sözlərin.

 

Şərbət soraqlayan kəpənəktək çəkir içim,

Hətta, əyan olur mənə röyadə sözlərin.

 

Eşq əhlisənsə, Fatimə, sözdürsə xəncərin,

Həqq yaz, şəhadətin olar üqbadə sözlərin.

20.11.2017

 

Fatimə ƏLİHÜSEYN




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.06.2019
  • 15.06.2019
  • 14.06.2019
  • 13.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv