Valyuta.com



   



Zamiq Abdullayev: “Əslində bir dinə hansısa insanın və ya toplumun davranış tərzinə, həyat tərzinə görə qiymət vermək düzgün deyil”

 

Bakı, 22 noyabr, Xəzərİnfo, Cəmiyyət. “Ən radikal dindarlar, mövhumatçılar, cahiliyyətin qurbanları cəmiyyətin ən savadsız kütləsi olur”.

Bunu Xəzərİnfo–ya müsahibəsində yazar Zamiq Zərdabi söyləyib:

- Zamiq bəy, din məfhumu bu gün cəmiyyətin beyninə istər mənfi, istər müsbət formada yerləşmişdir. Sizcə, din cəmiyyətdə nə üçün əsas rol oynayır?

- Əslində dinin cəmiyyətdə ictimai fikri, insanların həyat tərzini müəyyən edən əsas amil olması bu günün, dünənin işi deyil. Bu minilliklər boyu yüksələn xətlə davam edən, formalaşan bir prosesdir. Dinin cəmiyyətdə əsas rol oynaması isə xalqların, toplumların intellektual səviyyəsindən, elmə münasibətindən asılı olaraq dəyişə bilir. Bizdə dinin daha hərəkətverici qüvvə olması isə əsasən savadsızlıqla bağlıdır.

- Sizcə bu gün dindarlaşmaq, yoxsa elm yolunda irəliləmək vacibdir

- Əslində dindarlaşmağın özü də oxumaqla, elm öyrənməklə baş versə, daha xeyirli olar. Hansısa bir kimyaçı alim dinə qiymət verməzdən, münasibət göstərməzdən əvvəl ən azından dinin əsaslarını öyrənirsə, dindar olmaq istəyən biri də elmlərin əsasları ilə, inkişaf prosesləri ilə tanış olsalar artıq kortəbii deyil, düşünülmüş şəkildə dindarlaşma gedər. Vacibliyə gəlincə, din insanların inancıdır, vicdan azadlığının istifadə formasıdır, elm isə istənilən cəmiyyətin inkişafı üçün hər zaman vacib əhəmiyyət kəsb edir.

- Dini materiallara nəzər saldığımız zaman çox vaxt rəvayətlərin və hədis donu altında cəmiyyətə sırınan ərəb və fars ideoloji baxışlarıdır. Nədən dini baxışlar milli düşüncələr fonunda cəmiyyətə anlatılmır?

- Bəla ondadır ki, insanlar dinlərə bu cür rəvayətlər, heç bir məntiqə söykənməyən uydurma əhvalatlar vasitəsi ilə, oxumadan, öyrənmədən, əziyyətsiz gəlməyə meyillidirlər. Bu günlərdə ali təhsilli, müəllim statusunda olan bir xanım dostumuz “komandirin sürücülük qabiliyyəti olmayan əsgəri mühərriksiz maşına əyləşdirib, "Allahını köməyə çağır, sür" - deməsi, əsgərin avtomobili xeyli məsafə idarə etməsindən sonra bütün hərbi hissənin göz yaşlarına qərq olması" kimi, məntiqsiz, məzmunsuz, nə təbiətlə, nə elmlə üst-üstə düşməyən bir uydurmanı statusa çevirməsi və yenə də “əli diplomlu” bir çox insanın buna düşünmədən yazdığı rəylər daha ağrıdıcıdır. İnsanlar fantastik nağıllara, “birinin ölü diriltməsinə”, “birinin torpağı qızıla çevirməsinə” və bu kimi din adına sırınan rəvayətlərə daha tez inanırlar, hələ bu  rəvayətlər bir az kövrək səslə, həzin bir musiqinin müşayiəti ilə baş verirsə... Dinin milliləşməsi isə mümkün deyildir. Milliləşmə istənilən dinin məhvinə, parçalanmasına səbəb olur ki, bunu dinləri idarə edən, fətvalar verən söz sahibləri yaxşı anlayırlar və heç vaxt bunun baş verməsinə imkan verməzlər.  

- İslamın ana xətti ümmətləşməkdir. Sizcə ümmətləşmək ərəb və fars din imperiyasının siyasətinə xidmət edirmi?

- Ümmətləşmə nəinki ərəb və fars imperializminin, ümumiyyətlə dövlətlərin, siyasi güclərin idarəetmə mexanizminə xidmət edir. Bu bir gücdür. Zamanı çatdığında istifadə olunan, lazım gələndə bir-birinə qarşı çıxarılan ümmətlərin olması ən çox siyasilərə lazımdır. Yeri gəlmişkən deyim ki, bu gün istər yəhudiliyin, xristianlığın, istərsə də islamın çoxsaylı məzhəblərə parçalanması elə ümmətləşmənin və bundan isifadə edən siyasi güclərin məhsuludur.

- Ümumiyyətlə, dindarların hərəkətlərinə, danışıqlarına və gündəlik həyatlarına baxdığımız zaman, "İslam bumu" deyə düşünürəm. Sizcə, həqiqətən İslam budurmu? Yoxsa siz də "əsl İslam bu deyil" - cavabını verəcəksiz? 

- Əslində bir dinə hansısa insanın və ya toplumun davranış tərzinə, həyat tərzinə görə qiymət vermək də düzgün deyildir. Dinin əsl tərəflərini görmək istəyən hər kəs məncə dinin əsas qanunlarını izah edən elmi-halları, risalələri oxuyub öyrənməli, bundan başqa elmin müxtəlif mövzulara münasibətini, həmin dinə əks fikirləri də bilməlidir ki, obyektiv qərar verə bilsin.

- Cahiliyyət və xurafatın cəmiyyətdən təmizlənməsi üçün hansı addımlar atılmalıdır?

- İlk növbədə təhsil sistemində islahatlar aparılmalıdır. Orta təhsil bazasından elə orta səviyyədə məzun olan biri nə cahil qalar, nə də mövhumata inanar. Xürafatın, dini fanatizmin yayılmasının qarşısının alınmasının başlıca yolu budur. Ən radikal dindarlar, mövhumatçılar, cahiliyyətin qurbanları cəmiyyətin ən savadsız kütləsi olur həmişə. İlk növbədə təhsildən başlamaq, geniş miqyaslı marifləndirici tədbirlər həyata keçirmək lazımdır.

Vüsal Türkoğlu




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    21.06.2019
  • 20.06.2019
  • 19.06.2019
  • 18.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv