Valyuta.com

   



Son dövrlərin ən çox müzakirə olunan problemi intiharlarla bağlıdır. Belə halların sayı getdikcə artır, üstəlik intihar yaşı da cavanlaşır. Problemin ciddi nəticələri var, amma biz səbəblərini axtarmağa çalışaq.

Ümumdünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il 1 milyon insan həyatını itirir.

Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. Proqnozlara görə, 2020-ci ildə intiharların sayının 5 milyona qədər artacağı gözlənilir.

İntiharlar kapitalizm cəmiyyətlərində artım tempi azalmaq bilməyən adi haldır. Dünyada ən çox intihar hadisəsi inkişaf etmiş ölkələrdə baş verir. Liderlər qrupuna Şimali Avropa ölkələri, ABŞ və Yaponiya başçılıq edir. Buradan aydın olur ki, ökənin zəngin olması, adambaşına düşən gəlirlərin yüksək olması hələ hər şey demək deyil. Daha bir maraqlı bir fakt isə ondan ibarətdir ki, II Dünya Müharibəsi dövrü intiharların ən aşağı səviyyəsi ilə yadda qalıb.

Dunyada intihar edənlərin təxminən 1 faizi Azərbaycanın payına düşür. Bu ölkəmiz üçün həddən artıq böyük rəqəmdir. Rəsmi statistikada çox vaxt intihar edənlərin başqa səbəblərdən öldüyü qeyd olunur. Bu da vəziyyəti dəqiq təsəvvür etməyə imkan vermir.

İntihar hallarının 2/3-ni özünü asma təşkil edir. Bu üsul 1-ci yeri tutur. Az qala hər gün kiminsə özünü asması haqda xəbər oxuyuruq. Artıq hamı üçün adiləşib. Son vaxtlar isə, özünü hündür yerdən atmaq dəbə düşür. Qız Qalasının damı hasarlanandan sonra adamlar Əzizbəyov körpüsün üstündəki təyinatı mənə məlum olmayan hündür qurğunun başına çıxmağa üstünlük verirlər.

İntiharlar bizim cəmiyyətdə son dövrlərdə şiddətlənmiş problemdir. 20-30 il əvvəl belə hallar demək olar ki yox idi, ya da çox nadir hallarda olurdu. Bazar iqtisadiyyatının özü ilə gətirdiyi sosial problemlər, dəyərlərin dəyişməsi, psixoloji gərginlik, mənəvi böhran və s. bu prosesə təkan verdi.

Düzdür, intiharlarda sosial problemlər məngənəsində boğulmağın böyük rolunu qeyd edirlər. Amma müqayisəli statistika başqa şey deyir. Maraqlıdır ki, aclıq, müharibə dövrlərində intiharlar demək olar ki olmur. Əksinə, intiharlar əsasən bolluq zamanında olur.

Qeyd etmək lazımdır ki, ölkədə psixoloji problemlərin çoxalmasında özəl televiziyaların və internet saytların böyük rolu var. Adamlar televiziyada, internetdə gecə-gündüz qan-qırğın, terror, qətl, intihar süjetləri ilə rastlaşırlar. Bu hallar adiləşir və sonda insanlar hansısa problemi yarananda çıxış yolunu intiharda görür.

Cəmiyyətdə sosial bərabərsizlik, tərbiyə və əxlaqi dəyərlərin dəyişməsi, ünsiyyət ənənəsinin itməsi, hansısa ağır xəstəlikdən əzab çəkməsi, təklənmək problemi, şəxsiyyətin sın(dırıl)ması, başqaları tərəfindən başa düşülməmək, ətraf mühitdə gözlənilmədən baş verən hadisələrə uyğunlaşa bilməmək, fərdin qayğısına qalan və onu sevən birinin olmaması, norkotik maddələrdən asılılıq kimi problemlər intiharların əsas səbəbidir.

Səbəb nə olursa olsun- intihar hadisəsi fərdin cəmiyyətə etirazının ən yüksək formasıdır. Bu artıq cəmiyyətin problemidir, fərdin yox. Cəmiyyətdə eqoizm altruizmi əvəz edəndə, “mən” “biz”dən üstün tutulanda, bütün mənəvi dəyərlər pulla ölçüləndə, insan insan cəmiyyətində boğulanda bir çoxları çıxış yolu kimi intiharı görür.

Faciənin ən dəhşətli tərəfi isə azyaşlı uşaqların intiharıdır. Bu faciəyə uşaqlar yox, “əmilər” və “xalalar” məsuliyyət daşıyır. Mədəni dildə desək, bütün tərəqqipərvər cəmiyyət.

Uzaq qohumlarımdan birinin 11 yaşlı uşağı “Qurdlar Vadisi” serialında asılan adamı görüb o vəziyyətdə insanın nə hisslər keçirdiyini yoxlamaq qərarına gəlir... Valideynləri onu tapanda “teleterror”un qurbanı olmuş cansız bədəni kəndirdə hələ də yellənirdi...

Lakin bu fakt onun qohum və qonşularının öz azyaşlı uşaqlarına bu seriala və bu kimi teleistehsallara baxmağı qadağan etməsinə gətirib çıxarmadı. Demək, bizim cəmiyyət faciədən belə dərs çıxarmağı bacarmır. Nəticədə uşaqlar yelləncək əvəzinə boğazlarına keçirdikləri kəndirdə yellənir.




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

Rent A Car in Baku

Аренда автомобиля в Баку

Maşınların Kirayəsi

TSTRENTACAR.AZ

    18.08.2019
  • 17.08.2019
  • 16.08.2019
  • 15.08.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv